Hacıqabul rayonu, Qızılburun kəndində baş verdiyi deyilən hadisə ilə bağlı yeni açıqlama gəlib.
Məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyəti təhsil şöbəsinin müdiri Şükür Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə heç bir fakt qeydə alınmayıb.
Sadəcə olaraq 2012-ci ilin dekabr ayında məktəb direktoru ilə orada işləyən ədəbiyyat müəlliminin qızı arasında insident yaşanıb.
Həmin insident böyüyüb və iş prokurorluğa qədər çatıb. Sonradan həmin şəxslər barışıblar və vəziyyət düzəlib.
“Lakin bu yaxınlarda belə bir hadisə baş verməyib”, - deyə Şükür Məmmədov əlavə edib.
17:25
Hacıqabul rayonu Qızılburun kənd orta məktəbində yuxarı sinif şagirdi məktəb direktoruna əl qaldırıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bildirilib.
Məsələ ilə bağlı orta məktəbdən verilən məlumata görə isə hadisə mübahisə nəticəsində baş verib. Məlumata görə, məktəb direktoru Nüsrət Rəhimov şagirdlərdən birini sinif yoldaşlarının yanında söyüb. Şagird isə buna dözməyib və ona əl qaldırıb. Nəticədə dava düşüb.
Deyilənlərə görə, həmin şagird direktorun uzaq qohumudur. Hadisə nəticəsində Nüsrət Rəhimov yüngül xəsarət alsa da, həkimə müraciət etməyib.
Hacıqabul rayon polis şöbəsindən bildirilib ki, bu barədə polisə heç bir məlumat daxil olmayıb.