Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda eyni torpağı onlarla şəxsə satan maklerlərdən biri: "Pulu almağı mənə həvalə etmişdilər"
Bakıda çoxsaylı insanı dələduzluq yolu ilə aldadaraq onların 500 000 manatadək pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Cəlilov və Habil Quliyevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin iştirakı ilə onlara dəymiş məbləğlərin miqdarı dəqiqləşdirilib.
Təqsirləndirilən Orxan Cəlilov prosesdə iştirak edən bütün zərərçəkənləri tanıdığını deyərək Bakının müxtəlif ərazilərində torpaq satmaq adı ilə onlardan ayrı-ayrı məbləğlərdə külli miqdarda pul alaraq mənimsədiyini qeyd edib.
Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, təqsirləndirilənlər əsasən Xəzər rayonunun ərazisində olmaqla sosial şəbəkələrdə müxtəlif saxta elanlar yerləşdirərək eyni torpaq sahəsini bir neçə nəfərə satıblar.
Orxan Cəlilovla birgə saxlanılan Habil Quliyevdə sənədləşmə prosesində iştirak edərək saxta torpaqların sahibi qismində özünü müştərilərə təqdim edib.
Bir neçə zərərçəkənin ifadəsindən bəlli olub ki, Orxan Cəlilov Habil Quliyevi bir çox müştərilərə dayısı kimi təqdim edərək, satılan torpağın onun adına olduğunu bildirib. Təqsirləndirilənlərin 50 nəfərdən çox şəxsi aldadaraq onların 500 000 manatadək pulunu mənimsədiyi bildirilir.
Orxan Cəlilovun proses zamanı verilən suallara cavabı zamanı bəlli olub ki, o, bu işdə Elmir adlı şəxsin tapşırıqlarını icra edib. Onun bildirdiyinə görə, Elmir notariat şöbələri ilə bütün sənədləşmə prosesini həyata keçirərək saxta torpaqların yerləşdiyi ərazini müştərilərə göstərmək və onlardan pulu almağı ona həvalə edib. Hətta elə torpaq sahəsi olub ki, onu onlarla şəxsə satıblar.
Təqsirləndirilənlərə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Növbəti proses mayın 19-da zərərçəkənlərin ifadələri ilə davam edəcək.
Elgün Həsənli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu: Deputatlığa namizəd olubmuş
- Yeddi körpənin öldüyü hadisə: "Əvvəllər də yanğın olub, tez söndürmüşük, heç kim bilməyib"
- Yarım milyardlıq leqallaşdırma işi: "WhatsApp" yazışmaları məhkəmədə üzə çıxdı
- Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi
- Bahalı avtomobil nömrəsi almaq adı ilə iş adamının 106 min manatını mənimsədi