Avqustun 30-da 1 saylı şəhər xəstəxanasında Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu, 30 yaşlı Babayeva Dilarə Aydın qızının ölümü ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Ölümün səbəbi araşdırılır.
Qeyd edək ki, ilkin olaraq zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilən və 36 həftəlik hamilə olan D.Babayeva tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.
31.08.2016
Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya bildirib ki, ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib.
O qeyd edib ki, hadisə avqustun 30-da baş verib:
“Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib”.
S.Məmmədova deyib ki, meyit artıq təşrih olunub: “24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək”.
Xatırladaq ki, 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı 1 saylı şəhər xəstəxanasında vəfat edib. D. Babayeva ilə birlikdə bətnindəki 36 həftəlik körpəsi də ölüb.

E.Ə.
www.oxu.az