Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Ağdam rayon sakini Kamran Nəcəfovun (1995-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 228.4 (qanunsuz soyuq silah əldə etmə, saxlama və gəzdirmə) və Lənkəran rayon sakini Elvin Abdullazadənin (1991-ci il təv.) CM-nin 221.1 (xuliqanlıq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxışı başlayıb.
Oxu.Az xəbər verir ki, cinayət işinin materiallarına əsasən, 2013-cü il oktyabrın 17-də Nizami rayonu ərazisində yerləşən 10 nömrəli orta məktəbin həyətində Kamran Nəcəfov xuliqanlıq niyyəti ilə Famil Gülüşova 2 bıçaq zərbəsi vurmaqla, onu qətlə yetirib.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə Nizami RPİ, 24-cü polis bölməsi və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Elə həmin gün cinayəti törədənlər saxlanılıb.
İş üzrə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Famil Gülüşovun ölümünə daxili orqanların zədələnmələri nəticəsində inkişaf etmiş kəskin qanitirmə səbəb olub.
İbtidai istintaqla müəyyən edilib ki, Kamran Nəcəfov dostluq münasibətində olduğu Kamran Hacızadə ilə eyni liseydə oxuyan Famil Gülüşov arasında oktyabrın 10-da tənəffüs zamanı cüzi səbəb üstündə baş vermiş mübahisəyə aydınlıq gətirməkdən ötrü, səhərisi gün sonuncunun təhsil aldığı 4 nömrəli peşə liseyinə gəliblər.
Famildən nə səbəbdən Kamran Hacızadə ilə mübahisə etdiyini soruşduqda, onunla sözlə mübahisə edib.
Lakin Gülüşov Kamrandan 5 yaş böyük olduğunu bildirərək, onunla mübahisə etməyinin mənasız olduğunu deyib və çıxıb gedib.
Kamran tanışı Eldayaq Həsənlinin mobil telefonundan Famil Gülüşova zəng vurub, onu geri, görüşə çağırsa da, sonuncu gəlməkdən imtina edib, bu səbəbdən Nəcəfov Gülüşovun ünvanına söyüş söyüb.
Oktyabrın 17-si saat 15 radələrində Kamran dostları ilə həmin liseyə gələrək, mübahisəyə aydınlıq gətirmək üçün Famili öz təşəbbüsü ilə İ.Məmmədov küç. 9 ünvanında yerləşən 10 nömrəli orta məktəbin həyətinə çağırıb.
Onun yanında olan tanışı Elvin Abdullazadə Familə üzr istəməsini təklif etdikdə, sonuncu Kamranı söymədiyini bildirib.
Ünvanlarına qarşılıqlı söyüşlər söyəndən sonra dava başlayıb, Nəcəfov soyuq silah hesab olunan qatlanan tipli ov bıçağını şalvarının sağ cibindən çıxarıb Gülüşova iki zərbə endirib.
Famil sağ əlini bıçağa atıb, onu əlindən almaq istədikdə Nəcəfov buna imkan verməyib, kəsici aləti Gülüşovun sinəsindən çıxarıb və hadisə yerindən qaçıb.
Məhkəmə prosesində Nəcəfov və Abdullazadə ittiham üzrə özlərini təqsirli biliblər. İş üzrə zərərçəkən qismində İlahi Gülüşov və 6 nəfər şahid dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Nəcəfov 13 il müddətinə azadlıqdan məhrumetmə və E.Abdullazadə aylıq qazancının 15%-nin dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum ediliblər.
Elan olunmuş hökmlə əlaqədar tərəflər apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az