Paytaxtın Pirallahı rayonu, Səməd Vurğun küçəsindəki lombardlardan birində oğurluq hadisəsi baş verib.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, naməlum şəxs dam örtüyünü sökərək obyektə daxil olub.
Müşahidə kamerasının olduğunu görən oğru üzünü parça ilə gizlədib, daha sonra dəmir linglə kameranı qırmağa çalışıb.
Üzünü bağlayan “qəhrəman” lombarddan 2 min manat pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları aparıb.
Zərərçəkmiş obyekt sahibi hadisədən səhər işə gələrkən xəbər tutub və dərhal rayon polis idarəsinə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az