Prezident İlham Əliyev tütünçülük, pambıqçılıq və baramaçılığın inkişafına dövlət dəstəyi barədə müvafiq sərəncamlar imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sənədlərə əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək.
Pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulacaq.
Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləği və verilmə qaydası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq ediləcək.
Barama istehsalı ilə məşğul olan şəxslərə yaş baramanın hər kiloqramına görə növündən asılı olmayaraq eyni məbləğdə subsidiya veriləcək.
S.B.
www.oxu.az