Bakıda rüşvət alan kooperativ direktoruna qarşı cinayət işinə başlanılıb.
Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar zamanı “198” saylı Mənzil Tikinti Kooperativinin direktoru Rəşad Camalovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olub.
Belə ki, Camalov özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 55 saylı ünvanda tikilmiş çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzilin satışının rəsmiləşdirilməsi üçün ondan kooperativin işçisi Tural İsayev vasitəsi ilə 2 min manat məbləğində pulu rüşvət kimi almaqda şübhəli bilinir.
Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.