Balaxanıda evə basqın edən şəxslər isə qonşular tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 4, ev 5 ünvanına soxulan şəxslər ev yiyəsi 58 yaşlı Naruzə Məmmədovadan pul və qızıl-zinət əşyalarını tələb ediblər.
Dul və bir övladı ilə həmin ünvanda yaşayan qadın onlara müqavimət göstərməyə çalışıb. Amma evdə tək olan qadın həmin şəxslərə heç nə edə bilməyib. Nəticədə isə Naruzə Məmmədova evə soxulan şəxslər tərəfindən döyülüb.
Zərərçəkənin qardaşı Vüqar Məmmədov qadının boğazına bıçaq dirəyərək ondan pul istədiklərini deyir. Qadın isə cəmi 2500 manat pulu olduğunu deyir. Oğrular isə qadının sələmə pul verdiyini deyərək daha çox pul tələb ediblər.
Evdə səs-küyü eşidən Naruzə Məmmədovanın qonşuluqda yaşayan qohumları onun evinə gəliblər. Qadının mobil telefonunu əlindən alan basqınçılar, evdəki telefon aparatının kabelini kəsiblər.
Amma həyətdə adamların çox olduğunu görən oğrular, sonda əldə etdikləri qənimətlə evdən qaçmaq istəyiblər. Qapıdan çıxarkən isə, zərərçəkənin qohumları onlardan birinə bellə zərbə endirib. Amma bu da onları zərərsizləşdirməyə kömək etməyib.
Zərərçəkənin qohumu Baxış Məmmədov evdən çıxan oğruların birinə bellə vurduğunu, digərini isə yerə yıxaraq tutduğunu deyir. Amma sonda oğru Baxış Məmmədova bıçaqla zərbə endirib və qaçıb. Zərərçəkənin qohumu oğrunu tanımadığını bildirdi.
Hazırda yaralı 3 saylı xəstəxanada müalicə olunur. Hadisənin baş verdiyi ərazi polis tərəfindən müayinə də olunub. Lazımi əl, barmaq izləri götürülüb. Amma hələlik hadisəni törədən şəxslərin kimliyi müəyyən edilməyib.
E.Ə.
www.oxu.az