Külli miqdarda mənimsəmədə ittiham olunan Sabunçu qəsəbəsi, 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyevin cinayət işi üzrə məhkəməsi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
Səbuhi Əliyev ittihamla özünü qismən təqsirli bilib.
Təqsirləndirilən Səbuhi Əliyev məhkəmədəki ifadəsi zamanı bildirib ki, onun "Azərişıq" ASC ilə arasında yaranan maliyyə problemi səhmdar cəmiyyətin həyata keçirtmək istədiyi 5 milyon manatlıq layihəsinin alqı-satqısı prosesi zamanı yaranıb. O, vurğulayıb ki, səhmdar cəmiyyətin məlum layihənin həyata keçirilməsi üçün depozitdə saxladığı 350 min manatı şəxsi məqsədləri üçün xərcləyib. Həmin pulu 14 gün ərzində yerinə qoymağı nəzərdə tutsa da qarşı tərəf vaxtından əvvəl pulu tələb etdiyindən, o bu məbləği geri qaytara bilməyib.
Xatırladaq ki, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından, barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, Səbuhi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə "Azərişıq" ASC-nin 5 milyon manatlıq layihəsinin həyata keçirilməsi ilə bağlı alqı-satqı zamanı köçürülmüş məbləğin 350 min manatını mənimsəməkdə təqsirləndirilir.
Ona bu əməlinə görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Notarius Səbuhi Əliyev barəsində məhkəməyə qədər "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilsədə məhkəmənin ilk hazırlıq clasında o zərərcəkən tərəfin vəsatəti ilə barəsindəki qərimkan tədburi dəyişdirilərək həbs qərimkan tədbiri ilə əvəz edib.Səbuhi Əliyev məhkəmə zalında həbs edilib
Onu da qeyd edək ki,təqsirləndirilənin məhkəmədə təqsiri sübuta yetirilərsə, dəymiş ziyan ödənilmədiyi halda onu 5 ildən 10 ilə qədər həbs gözləyir.
Səbuhi Əliyevin 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi və hüquqşünas alim olduğu bildirilir.
Elgün Həsənli