Bakı Apellyasiya Məhkəməsində Mingəçevir sakini Namiq Abdullayevin (1966-cı il təv.) CM-nin 206.3.1 (qaçaqmalçılıq təkrar törədildikdə), 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (narkotik vasitələri və ya psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə, saxlama, daşıma və ya satma) və 234.4.3-cü (narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz külli miqdarda əldə etmə, saxlama, daşıma və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il avqustun 3-də Namiq Abdullayev şəxsiyyəti istintaqa məlum olmayan Həmid adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə hesab edilən tiryəki İrandan Türkiyəyə, ordan Gürcüstana, daha sonra Gürcüstandan təkrarən “Şıxlı” gömrük-nəzarət postundan gizli keçirməklə Azərbaycan ərazisinə keçirib.
Avqustun 6-da Namiq Abdullayev MTN əməkdaşları tərəfindən Nəsimi rayonu, Bül-Bül prospektindəki 63 saylı evin qarşısında saxlanılıb, onun idarə etdiyi “Hyndai” markalı avtomaşına baxış keçirilərkən ümumi çəkisi 540,76 qram olan tiryək aşkar edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Abdullayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Təqsirləndirilən şəxsin şikayəti əsasında cinayət işini araşdıran Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən N.Abdullayevin cəzası 10 ildən 8 ilə endirilib.
С.Н.
www.oxu.az