Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Müdafiə Nazirliyinin 9 milyon manat mənimsəyən sabiq vəzifəli şəxsinə 10,5 il həbs cəzası verilib
Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Məlikzadə son söz deyərək ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Həmçinin, hökmdə qeyd edilib ki, dövlətə vurulmuş ziyanla bağlı Rəşad Məlikzadənin özünə və ailə üzvlərinə məxsus iki milyon manata yaxın əmlakı müsadirə edilib.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İttihama görə, Rəşad Məlikzadə 2017-18-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-22-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.
İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Hesablama Palatası Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində nöqsanlar aşkar edib
- Naxçıvanda 32.5 milyon manatlıq yeyinti üzə çıxdı - Materiallar prokurorluqda
- İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib
- AAYDA-ya doqquz milyon manat vəsait ayrıldı – SƏRƏNCAM