Dünən saytımızda “Altes Group”un keçmiş vitse-prezidentinin 1 milyon manatlıq fırıldağı” başlıqlı məqalə yerləşdirilmişdi.
Məqalədə “Altes Group” şirkətinin Polad Kabulova qarşı iddiası üzrə məhkəmə qərarından bəhs olunurdu. Sonuncu şirkətin kassasından böyük məbləğdə pulu mənimsəməkdə ittiham olunurdu.
Oxu.Az xəbər verir ki, bu gün Polad Kabulovun adından cavab bəyanatı göndərilib.
Həmin bəyanatı dəyişikliklərsiz yerləşdiririk:
“Dünən, 08.01.2014-cü il tarixdə elektron KİV-də “Altes Group”un mətbuat xidmətinə istinadən şirkətin hazırkı səhmdarı, cənab Polad Kabulovun “fırıldaq və oğurluqları” barədə informasiya yerləşdirilib.
“Altes Group” şirkəti tərəfindən internetdə yayılan informasiya böhtandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148 (təhqir) maddələrini əldə rəhbər tutaraq, məhkəmə orqanlarına “Altes Group” şirkətinin və yoxlanılmamış, yalan məlumat yayan mətbu orqanların fəaliyyəti ilə bağlı müvafiq müraciət göndərilib. Bundan başqa, biz prokurorluq orqanlarına ərizə hazırlayırıq.
Qeyd etmək lazımdır ki, “Altes Group” şirkətində 22% paya malik olan Polad Kabulov və Fətəli Novruzəliyev səhmdarların tərkibindən çıxmaq barədə qərar qəbul ediblər və onlara düşən pay vəsaitlərini natural formada almaq istəklərini bildiriblər.
“Altes Group”un bəzi digər təsisçilərinin bu niyyətə mane olmaq cəhdlərini nəzərə alaraq, məsələ Ali Məhkəməyə verildi və o, Altes Plaza, EMERALD PALACE və ACADEMY House-də daşınmaz əmlakın satışına qadağa qoydu. Hazırda şirkətin “Altes Group”un mənzillərinin satışı ilə məşğul olan nümayəndələri adları çəkilən yaşayış komplekslərində daşınmaz əmlakın satışını dayandırmaq barədə rəsmi öhdəlik götürüblər.
Bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən F.Novruzəliyevə qarşı sifarişçilərinin “Altes Group”un rəhbərliyinə yaxın şəxslər olduğu quldurluq hücumu barədə işin istintaqı yekunlaşıb, “Altes Group”un P.Kabulova qarşı hərəkətləri isə şirkət nümayəndələrinin keçmiş səhmdarlara qarşı davam edən təzyiqidir”.