Bakı Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini Əfqan Yusubovun (1987-ci il təv.) CM-nin 120.2.2-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Oxu.Az xəbər verir ki, ötən il fevralın 10-a keçən gecə Binəqədi rayonunun Biləcəri qəsəbəsindən qəsəbə sakini Vüqar Salmanov kəsilmiş-deşilmiş xəsarətlə Dəmiryol xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Daxil olan məlumat əsasında araşdırmaya başlayan Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Əfqan Yusubov həmin gecə saxlanılıb və istintaqa təqdim edilib.
İstintaqla müəyyən olunub ki, hadisə qəsəbənin M.Aslanov küçəsində baş verib, orada müvəqqəti yaşayan Əfqan Yusubov və qayını Vüqar Salmanov arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə baş verib.
Belə ki, bir neçə gün əvvəl Vüqar Əfqana DVD satıb, lakin sonuncu aldığı əşyanın pulunu ona verməyib. Həmin axşam Salmanov yenə Yusubovdan pulunu istədikdə dava başlayıb, nəticədə Əfqan üzərində gəzdirdiyi bıçaqla Vüqara zərbələr endirərək, hadisə yerindən qaçıb. Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılarkən ölüb.
Araşdırma zamanı məlum olub ki, mərhum cinayət törətdiyinə görə məhkum olunub və cəzası bitdiyi üçün 3 ay əvvəl azadlığa çıxıb.
Məhkəmə baxışında iş üzrə təqsirləndirilən şəxsin ifadəsi dinlənilib.
C.H.
www.oxu.az