Bakıda qonşusunu öldürməkdə ittiham olunan Mahmud Əliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Mahmud Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası oktyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində baş verib. Paytaxt sakini 42 yaşlı Rüfət Quliyevin bıçaqlanaraq qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat daxil olub.
İlkin araşdırmalarla qətlin törədilməsində şübhəli bilinən zərərçəkənin qonşusu Mahmud Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Onun barəsində CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli