Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Sevinc Hüseynovanın (1966-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən il martın 29-da Sevinc Hüseynova Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 6 mənzil 32-də yaşayan rəfiqəsi Yasəmən Salıyevanı (1971-ci il təv.) kapron corabla boğaraq öldürüb və hadisə yerindən qaçıb. Səhərisi gün Hüseynova könüllü olaraq Binəqədi RPİ 4-cü polis bölməsinə gələrək təslim olub, dərhal sonra istintaq-əməliyyat qrupu deyilən ünvana gedərək, meyiti aşkar ediblər və hadisə yerinin müayinəsini aparıblar.
Təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Salıyevanın ölümünə mexaniki asfiksiya səbəb olub.
İstintaqın gedişatında dindirilən şahidlərin ifadələrindən mərhumun Qarabağ müharibəsi iştirakçısı olması məlum olub, 3-cü qrup əlil olan Yasəmən fərdi qaydada taksi xidməti ilə məşğul olub. İş üzrə dindirilən Sevinc Hüseynova bildirib ki, həmin gün o rəfiqəsinin evində olarkən, təxminən axşam saat 23 radələrində aralarında şəxsi münasibətlər zəminində mübahisə başlayıb, ilk olaraq Yasəmən başı ilə onun sifət nahiyəsinə zərbə endirib, Sevinc onu itələdikdə, sonuncu yıxılaraq, başı ilə şkafa dəyib.
Sonra Hüseynova əlinə keçən corabla Salıyevanı boğub və etdiyi əməldən qorxaraq, evi tərk edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan S.Hüseynova cəzasının azaldılması üçün apellyasiya şikayəti verib. Prosesin sonu barədə məlumat veriləcək.
Qeyd edək ki, cinayətkar və qətlə yetirilən şəxs cinsi azlıqların nümayəndəsi olublar.
C.H.
www.oxu.az