Bakıda iki sevgili olduqca ilginc cinayət əməlinə əl atıblar. Onlar sosial şəbəkələrdə vətəndaşları fərqli üsulla aldadıb, sonradan şantaj edərək pullarını ələ keçiriblər.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, Mirhüseyn Məcidov və Səyalı Nəsibli "Instagram" sosial şəbəkəsində "günel_agayefha" adlı səhifə açıblar. Həmin səhifədə "WhatsApp" mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdiriblər.
Onlara müraciət edən şəxslərdən izləmək istədikləri mobil nömrəni alıblar. Ödəniş kimi də 50 manat istəyiblər. Başqasının "WhatsApp" nömrəsini izləmək istəyən şəxslər 50 manat ödəniş etdikdən sonra aldadılıblar. Razılığa əsasən, ödənişdən sonra həmin şəxslərə xüsusi proqram göndərilməli, onlar da istədikləri nömrəni izləməli idilər.
Səhifəyə 50 manat ödəniş edən şəxslər istəklərinə çatmadıqları üçün pullarını geri tələb ediblər. Bu zaman isə şantajla üzləşiblər. Belə ki, Səyalı və Mirhüseyn başqasının nömrəsini izləmək istəyən şəxslərdən əlavə 150-300 manat aralığında pul tələb etməyə başlayıblar. Əks halda, izləmək istədikləri şəxslərə bu barədə məlumat verəcəklərini deyiblər. Başqasının nömrəsini izləmək istəyən şəxslər əvvəlcə 50, sonra da 150-300 manatlarından olublar.
Səyalı və Mirhüseyn barəsində polisə şikayətlər daxil olmağa başlayıb. Onlar saxlanılan zaman mobil telefonlarına baxış keçirilib. Bu zaman sübutlar aşkar edilərək götürülüb. Sevgililər öz aralarındakı yazışmalarda kimlərdən nə qədər pul aldıqlarını, hansı şəkildə zərərçəkmişlərə hədə-qorxu gəldiklərini danışıblar.
Onlar şəxsi yazışmalarında bir-birlərinə "aşkım" deyə müraciət edərək ayrı-ayrı şəxslərdən əldə etdikləri vəsaitləri yığdıqları kart hesabının ekran görüntülərini paylaşıb gündəlik qazanclarını da hesablayıblar.
Mirhüseyn pul tələb etdiyi bir xanıma atdığı səs yazısında deyir: "Bax, uzatmağı sevmirəm. Ya bu kartda 250 manat atırsan, ya da bütün mesajları atacam qarşı tərəfə. Uzatma".
Səyalı isə aldatdıqları şəxslər barəsində "lox" ifadəsini tez-tez işlədərək aldığı pulların hesabatını Mirhüseynə verib.
Başqa yazışmalarda Səyalının Mirhüseynə "aşkım, siftə elədim", "aşkım, inşallah yaxşı qazanacağıq" deyə mesajlar yazdığı aşkar edilib. Mirhüseynin isə Səyalıya "yaxşı olacaq", "yaxşı qazanacağıq, aşkım" deyərək təsəlli verdiyi, onu həvəsləndirdiyi müəyyən edilib.
Təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını deyiblər.
İş üzrə dindirilən zərərçəkmişlər zərər ödənildiyi üçün şikayətçi olmayıblar. İşdə diqqət çəkən başqa bir məqam isə zərərçəkmiş kimi tanınan şəxslərin əksəriyyətinin xanım olmasıdır. Onların izləmək istədiyi nömrələrin sahibləri də xanımlar olub.
Məhkəmənin hökmü ilə Mirhüseyn beş il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb.
Səyalının isə himayəsində azyaşlı uşaqları olduğu üçün, onların yaşı 14-ə çatanadək təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınıb.