Gömrük orqanları tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində son altı ay ərzində müxtəlif kateqoriyalı bəyan olunmamış mallar aşkar edilib. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi dəyəri 445 min 823 manat olan mallar gömrük orqanlarına təqdim olunaraq dürüstləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təşkil olunmuş mediaturda verilib.
Belə ki, risk təhlili sisteminin tətbiqi nəticəsində 153 qram kokain narkotik vasitə aşkar edilərək qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və hüquq pozan şəxs məsuliyyətə cəlb olunub.
İdarədə Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli məlumat verib ki, gömrük nəzarəti tədbirləri çərçivəsində son 6 ay ərzində 234 inzibati xəta və 54 cinayət xarakterli fakt qeydə alınıb. Bu müddət ərzində əvvəlcədən bəyan edilməyən və qanunsuz olaraq ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması cəhd edilən aşağıdakı malların qarşısı alınıb:
Bu dövr ərzində ölkəyə 261 412 ABŞ dolları, 21 min 728 avro və 100 min funt sterlinq pul vəsaitlərinin qeyri-leqal yolla keçirilməsinin qarşısı alınıb. Bu ilin 6 ayında 145 qutu güclü təsiredici dərman, 1 520 konvolyut dərman preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1 185 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb. Zərgərlik məlumatları üzrə isə 1 337 karat brilyantın, 1 544 qram qızılın ölkəyə qeyri-leqal yolla keçirilməsi faktı aşkarlanıb.
Elmidar Əliyev