Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Vladimir Şerbakovun (1971-ci il təv.) CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz əldə etmə, saxlama və ya satma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il iyunun 20-də Pirallahı rayon polis şöbəsinin (RPŞ) əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında S.Vurğun küşəsindəki 16№ evin yaxınlığında şübhəli şəxs qismində Vladimir Şerbakovu saxlayaraq şöbəyə gətiriblər, onun əlindəki çantaya baxış keçirilərkən ümumi çəkisi 20 kq 890 qram olan marixuana aşkar edilib.
Dindirmə zamanı o, Pirallahı qəsəbəsində yaşadığını, bir müddət əvvəl istirahət parkında “Fariz” adlı şəxslə tanış olduğunu, bundan sonra bir neçə dəfə onunla spirtli içki qəbul etdiyini bildirib. Ayın 19-da əvvəl Vladimir Farizi öz evinə dəvət edib.
Həmin şəxs gələrkən əlində çanta olub, o Şerbakovdan torbanı evində bir-iki gün saxlamasını xahiş edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, o da içərisinə baxmadan çantanı mətbəxdə qabyuyan şkafın altına qoyub. Səhərisi gün isə evinə gələn polis əməkdaşları onu narkotik saxlamaqda günahlandıraraq, şöbəyə aparıblar və tanışının çantasından marixuana tapılıb.
Məhkəmə prosesində Vladimir Şerbakov ittiham üzrə özünü təqsirli hesab etməyərək, narkotik maddənin tanışına məxsus olduğunu vurğulayıb, lakin istintaq həmin şəxsin tutulmasında maraqlı olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Şerbakov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az