Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Şahin Sultanovun vəkilləri Emil Bədəlov və Telman Abdiyev çıxış edib. Onlar hökmün ləğvini və bəraət hökmünün çıxarılmasını istəyiblər.
Şahin Sultanov isə çıxışında deyib ki, hökmün heç bir əsası yoxdur, ittihamlar saxtadır:
“Mən qırx il hərbiçi işləmişəm, hər il orden və medallarla təltif edilmişəm. Surət Hüseynovun qiyamının yatırılmasında iştirak etmişəm. Hər il yoxlama aparılıb və hər şey qaydasında olub. Lakin birdən dedilər ki, hər şeyi satmışıq”.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub. Ş. Sultanov apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.
Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.
17:42
Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Ş.Sultanovun vəkilləri çıxış edib.
Onlar müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Daha sonra Ş.Sultanovun özü çıxış edib. Sabiq komandan bildirib ki, onun cinayət işini aparan müstəntiq Vüqar Məmmədli barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə ona şərti cəza verib.
Hazırda məhkəmə iclası davam etdirilir.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də, HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
E.Ə.
www.oxu.az