31 may tarixi dünyada “memarlıq kraliçası” Zaha Hadid günü kimi qeyd edilir.
Oxu.Az Report-a istinadla xəbər verir ki, “Google” şirkəti mayın 31-də tematik təsvirini bu məşhur britaniyalıya həsr edib.
İraqda anadan olan Britaniya vətəndaşı Z.Hadid 2014-cü il mayın 31-də memarlıq sahəsində ən nüfuzlu mükafat olan “Pritsker” mükafatını alan ilk qadın kimi dünya tarixinə düşüb.
O, həmçinin məşhur Britaniya memarlıq mükafatı “Stirlinq”, eləcə də Britaniya Kral Memarlıq İnstitutundan kral qızıl medalı ilə təltif olunub.
1979-cu ildə özünün “Zaha Hadid Architects” memarlıq şirkətini yaradan Z.Hadid unikal layihələri ilə dünyada tanınıb.
Z.Hadid yaradıcılıqla 1997-ci ildən, memarlıq layihəsinin işlənib hazırlanmasında yaxından iştitak etdiyi Bilbaoda Quggenheym muzeyinin bərpa işlərindən sonra maraqlanmağa başlayıb. 2003-cü ildə isə ABŞ-ın Sinsinnati şəhərində Rozental Müasir İncəsənət Mərkəzinin tikintisində iştirak etdikdən sonra Z.Hadid daha da məşhurlaşıb, onun ideyalarına tələbat artıb.
Z.Hadidin layihələri olan tikililər dünyanın müxtəlif yerlərində ucaldılıb. Onlar orijinal formaları ilə dərhal diqqəti cəlb edir. Memarın əsas işləri sırasına Bakı Heydər Əliyev Mərkəzi, Honqkonq Politexnik Universiteti, Belqrad “Beko Masterplan” çoxməqsədli kompleksi, Ər-Riyad qızıl metro stansiyasını, Makaoda 40 mərtəbəli hoteli, Qlazqo Riverssayd Nəqliyyat Muzeyini aid etmək olar.
Z.Hadid 2016-cı ildə 65 yaşında ürəktutmadan dünyasını dəyişib.
A.S.
www.oxu.az