Noyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının payız buraxılışının təqdimat mərasimi keçirilib.
Oxu.Az AzərTAc-a istinadən verdiyi məlumata görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.
Təqdimat mərasimində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti keçirilib.
Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını” jurnalının növbəti buraxılışında oxuculara “Bakı-2015” Avropa Oyunları istiqamətində görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərlə bağlı materiallar təqdim edilib.
Jurnalda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan “Zirvəyə doğru” sərlövhəli material yer alıb.
“Azərbaycan qadını” jurnalının payız buraxılışında oxucuları, həmçinin görkəmli dirijor Rauf Abdullayev, milli rəqslərimizin mahir ifaçısı Roza Cəlilova, gənc ifaçı Ceyla Seyidova ilə maraqlı görüş gözləyir.