Bakı növbəti beynəlxalq tədbirə hazırlaşır.
Oxu.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxtda III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqıdır.
5-6 noyabr 2014-cü il tarixində Bakıda “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusuna həsr olunmuş III Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda 40-dan artıq dövlətdən 110 nəfər tanınmış teatr mütəxəssislərinin, beynəlxalq teatr tənqidçilərinin, rejissor, baletmeyster, teatr rəssamları, xoreoqraf və dramaturqların iştirakı gözlənilir. Bundan başqa, tədbirdə ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), BTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi beynəlxaq təşkilatların baş katibləri və prezidentləri çıxış edəcəklər.
III Bakı Beynəlxalq Teatr Konfransında ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Kolumbiya və s. ölkələr iştirak edəcək.
Konfransla bağlı Azərbaycanın paytaxtına ASSİTEJ-in Prezidenti xanım İvet Hardi (CAR), UNİMA-ının baş katibi Jan Trüdo (Fransa), BTİ-nin baş katibi Mişel Vays (Kanada), OİSTAT-ın Prezidenti Lui Yansen (Hollandiya), İFTR- ın idarə heyətinin üzvü Brayan Sinqton (İrlandiya), İFTR-ın idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya), Ərəb Teatr Tənqidçiləri Assosiasiyasının Prezidenti Səid El-Naji (Mərakeş), Akademik Nelli Korniyenko (Ukrayna), Dünya şöhrətli rejissor, dramaturq, ssenarist Kşiştof Zanussi (Polşa), Dağıstan Mədəniyyət Nazirinin müavini Murad Hacıyev, Muasir Alban Teatr Cəmiyyətinin rəhbəri Adonis Filippe (Albaniya), Milan Pikkolo Teatrının baş direktoru Sercio Eskobar (İtaliya), Kəlküttə Universitetinin professoru Sureş Kumar (Hindistan), Sultan Qabus Universitetinin professoru Said Mohammed Al-Siyabi (Oman), Musiqili Teatrlar Beynəlxalq Assiasiyasının icraçı direktoru Nataliya Zıkova (Rusiya), Pensilvaniyanın Kutztounn Universitetinin dekanı Artur Bloom (ABŞ) və başqa görkəmli teatr xadimləri səfər edəcək.
Konfrans çərçivəsində treninqlər təşkil ediləcək:
4 noyabrda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 10:00-11:45 Müasir teatrşünaslıq.
Akademik Nelli Korniyenko (Ukrayna) - saat 12:00-13:45 Rejissor və aktyor sənəti; Paddi Kannin (Böyük Britaniya)
7 noyabrda Azərbaycan Dövlət Rus Dram Teatrı - saat 10:00-11:45 Səhnəqrafiya; İosif Yuçupov (ABŞ)
Səhnəqrafiya saat 12:00-13:45 Luis Yansen (Hollandiya)
Xatırladaq ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının 2.15-ci bəndində müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili nəzərdə tutulub. Respublikamızda 2010-cu il 7-8 noyabr tarixlərində ilk dəfə keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusuna həsr olunmuş konfransda Amerika Birləşmiş Ştatlarından, Kanadadan, Rusiyadan, Çexiyadan, Hon-Konqdan, Səudiyyə Ərəbistanından, Ukraynadan, İsveçrədən, İrandan, Türkiyədən, Polşadan, Avstriyadan, Belarusiyadan, Finlandiyadan, Estoniyadan, Litvadan, Çindən, Fransadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan, Moldovadan, Tunisdən, İngiltərədən, Sinqapurdan, Koreyadan, Yunanıstandan, Almaniyadan – 30-dan artıq dövlətdən 60-dan artıq mütəxəssis təmsil edib.
2012-ci il 5-6 noyabr tarixlərində II Beynəlxalq Teatr Konfransı keçirilib. Konfransda MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80 nəfər qonaq iştirak etmişdir. Litva Mədəniyyət Nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, görkəmli Polşa dramaturqu, ssenarist və rejissor Kşiştof Zanussi, Roma Teatrının bədii rəhbəri Fabio Tolledi, UNESKO-nun Sühl Artisti, Beynəlxalq Teatr İnstitutunun vitse prezidenti, Sudan Respublikasının görkəmli teatr xadimi Əli Mahdi, Zalsburq festivalının direktoru Zeno Ştanek, Fuceyra Monodram Festivalın prezidenti Mohammad Alafkham, ASSİTEJ-in prezidenti İvett Hardi, Sverdovsk Musiqili Komediya Teatrının direktoru, Rusiya TXİ-nın katibi Mixail Safronov və başqaları. Konfrans çərçivəsində noyabrın 4-də Azərbaycan Dövlət Rus Dram Teatrında Litvanın görkəmli teatr və kino aktyorları, xalq artistləri Reqimantas Adomaytis, Yuozas Budraytisin iştirakı ilə yaradıcılıq gecəsi, noyabrın 5-də Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikasından tanınmış teatr və televiziya ulduzu Tembi Mtshalinin iştirakı ilə "Qadın intizarı", noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı Teatrının ifasında "Vağzal heç yerə getmir" tamaşaları göstərilib. Bundan başqa, konfrans zamanı Birinci Bakı Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illiynə həsr olunmuş foto-sərgilər nümayiş olunmış, "Milli idenfikasiya və inkişaf" komitəsinin idarə heyətinin toplantısı keçirilib. Noyabrın 4-də Kşiştof Zanussinin, Məhəmməd Əl-Əfxanın, noyabrın 7-də Mişel Vaisin, İvitsa Simiçin iştirakı ilə seminarlar təşkil olunub.
Bu müddət ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə, Azərbaycan Dövlət Kukla Teatrı UNİMA-ya, Azərbaycan Dövlət Musiqili Teatrı MTBA-ya, professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv seçiliblər.