Noyarın 30-da ənənəvi olaraq Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılğı ilə “Bizim qala - II” sənətkarlıq sərgisi və “Lənkəran payızı - IV” foklor festivalının yekun mərhələsi keçirilib.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İştirakçılar əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş “Bizim qala - II” sənətkarlıq sərgisi ilə tanış olublar. Sərgidə yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və s. üzrə əl işləri təqdim olunub.
Sonra folklor və yaradıcılıq klublarının üzvləri xalq mahnıları və rəqslər təqdim ediblər. Festivalda məşhur “Nənələr” folklor qrupu da çıxış edib.
Diyarşünaslıq sərgisinin və Folklor Festivalının qalibləri və fərqlənən iştirakçıları xüsusi fərqlənmə diplomuna layiq görülüb.
Diyarşünaslıq sərgisində 56, Folklor Festivalında isə 67 klub müəssisəsi, 850 mütəxəssis və dərnək üzvü təmsil olunmuşdur. Eyni zamanda sərgi və festival 83 kəndi, 8 qəsəbəni, 2 şəhəri əhatə edib.
Tədbirlərin keçirilməsində əsas məqsəd klublarda folklor işinin daha da yaxşılaşdırılması, yaşı 50 ildən çox olan təsərrüfat və məişət əşyalarının toplanılıb təqdim olunması, qeyri-maddi mədəni irsin qorunub-saxlanılması, onun daha da inkişaf etdirilməsi, folklorumuza marağın daha da artırılması, şifahi xalq yaradıcılığının və qədim maddi mədəniyyət nümunələrinin gənc nəslə tanıdılmasıdır.
A.S.
www.oxu.az