Bu gün Mədəniyyət Nazirliyinin rəhbərliyi doğum günü münasibətilə Birinci Fəxri Xiyabanda Müslüm Maqomayevin məzarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, mərasimdə Azərbaycanın mədəniyyət xadimləri və Rusiyadan gələn qonaqlar iştirak edib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev məşhur bəstəkar barədə danışıb.
O bildirib ki, Müslüm Maqomayevin uşaqlıq vaxtından musiqiyə marağı olub:
“Böyük sənətkar bəstəkarlıq sahəsində uğurlara imza ata bilib. O, artıq 20 yaşında məşhurlaşıb və 31 yaşında Xalq artisti olub. Bu cür erkən yaşda bu zirvəyə qalxmaq hər kəsə qismət olmur. Sənətkarın repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib”.
Xalq artisti, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov bildirib ki, Müslüm Maqomayev XX əsrin nəhəng vokal ifaçılarından biri idi:
“Onun ifaları təkrarsız idi. O nə oxuyurdusa, həmin meyar dinləyicilər üçün qəbul edilirdi.
Bəstəkar ən yüksək şöhrəti görüb. Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət etməsi bizim üçün böyük bir fəxarət idi. Onun yaradıcılığı barədə nə qədər danışsaq da azdır”.
İlhamə Əbülfət
FOTO: Firudin Səlimov