Bakıda keçiriləcək "Nine Senses Fest 2025" festivalı ərəfəsində ictimaiyyəti tədbir barədə məlumatlandırmaq məqsədilə jurnalistlər və tanınmış bloqerlər üçün "Nine Senses" yaradıcılıq və incəsənət mərkəzinə mediatur təşkil edilib.
Oxu.Az xəbər verir ki, tur zamanı "Nine Senses" incəsənət mərkəzinin akademik direktoru Natalya Jukova mərkəzin fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, "Nine Senses" bədən və ruh təcrübələrini özündə birləşdirən unikal mərkəzdir:
"Mərkəzimizin dünyada analoqu yoxdur. Burada incəsənət, ruhani dünya və bədən ahəngdar şəkildə birləşir. Buna görə də biz "Daxilindəki sənətkarı kəşf et" şüarı ilə fəaliyyət göstəririk. Binanın görünüşü yuxarıdan baxıldıqda bükülmüş kağızı xatırladır ki, bu da sənət axışını simvolizə edir. Mərkəzimiz üç əsas istiqamətə - ruh, bədən və zehnə fokuslanır. Burada müxtəlif yoqa dərsləri keçirilir, meditasiya incəsənətlə birləşdirilir. Məqsədimiz insanların meditasiya vasitəsilə daxili dəyişiklikləri hiss etmələrinə şərait yaratmaqdır. Qeyd edim ki, burada dini məzmunlu heç bir fəaliyyət yoxdur".
Festival barədə məlumat verən Natalya Jukova bildirib ki, "Nine Senses Fest 2025" Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses Art Center"in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçiriləcək:
"Mayın 2-4-də baş tutacaq festivalda iştirakçılar yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, "ecstatic dance", neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər".
"Ənənədən hərəkətə doğru" şüarı altında keçiriləcək festivalın missiyası insanın mənəvi və fiziki potensialının harmonik inkişafını dəstəkləmək, qədim və müasir biliklər arasında körpü yaratmaqdır. Festival, həmçinin müxtəlif mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsini təşviq etməyi hədəfləyir.
Festival çərçivəsində Azərbaycan Tekstil Assosiasiyasının dəstəyi ilə "Made in Azerbaijan" brendi altında məhsulların təqdim olunacağı yarmarka da keçiriləcək. Shoppingaz.az onlayn alış-veriş platforması tərəfindən təşkil ediləcək yarmarka 200-dən çox yerli brendi bir araya gətirəcək. Bu yarmarka brendlərə öz məhsullarını tanıtmaq və iştirakçılarla birbaşa əlaqə qurmaq imkanı yaradacaq.
Təşkilatçılar yerli istehsalçıları yarmarkada iştirak etməyə dəvət edirlər. Əlaqə üçün:
E-poçt: office@shoppingaz.az
Telefon: (+994 10) 252-46-00.
Festivalın biletləri artıq satışdadır. Biletləri bu keçidə daxil olaraq əldə etmək mümkündür. Tədbir haqqında ətraflı məlumat və proqramla tanış olmaq üçün rəsmi sayt ziyarət edilə bilər.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib