İyulun 1-də Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçirilib.
Oxu.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.
Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma sərgilənib, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub.
Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.
İncəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Festivalda 6 nominasiya üzrə mükafatlar təqdim olunub: “Ən yaxşı xarici ölkə dolması”, “Ən yaxşı rayon süfrəsi”, “Ən maraqlı tarixi qeyri-adi dolma”, “Ən yaxşı dolma”, “Ən yaxşı xarici təqdimat”, “Ən çox medal toplayan rayon”.
Sonda qalib komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.
A.S.
www.oxu.az