8 Noyabr - Zəfər Günü münasibətilə Parisin tanınmış və tarixi səhnə məkanlarından biri olan Bobino Teatrında "Şərəf əks-sədaları" adlı təntənəli musiqi gecəsi təşkil edilib.
Oxu.Az-a bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Gecənin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edib. O, 8 Noyabr tarixinin Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyətini vurğulayaraq, ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinin daim ehtiramla yad edildiyini bildirib. Səfir Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan ordusunun qətiyyəti və iradəsi, həmçinin xalqımızın həmrəylik ruhu sayəsində qazanılmış Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib.
Milli şərəfin tarixi yaddaşla yanaşı, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsində təcəssüm olunduğunu qeyd edən Leyla Abdullayeva Azərbaycan musiqisinin xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın inkişafına töhfəsini vurğulayıb. O, gecənin Azərbaycan-Fransa dostluğunun, sülhün və qarşılıqlı hörmətin rəmzinə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Gecənin musiqi proqramında Üzeyir Hacıbəyov, Qara Qarayev, Niyazi, Asəf Zeynallı, Arif Məlikov və Fikrət Əmirov kimi görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Azərbaycan bəstəkarlarının əsərləri Avropa klassik musiqi nümunələri ilə vəhdətdə təqdim olunub. Proqramda Bizenin və Fransua Bornun "Karmen", eləcə də Kamil Sen-Sansın "Samson və Dalila" əsərlərindən parçalar səsləndirilib.
Konsert Azərbaycan Milli Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi və "Zoroastre" ansamblının dirijoru Savitri de Roşforun kamera orkestrinin müşayiəti ilə keçirilib. Konsertdə Azərbaycanın xalq artisti Fidan Hacıyeva, Əməkdar artist Ramil Qasımov və fleyta ifaçısı Ağarəhim Quliyev çıxış ediblər.
Tədbirdə diplomatik korpusun nümayəndələri, Fransa mədəniyyət ictimaiyyətinin üzvləri, jurnalistlər, eləcə də Azərbaycan icmasının nümayəndələri daxil olmaqla, ümumilikdə 600-ə yaxın qonaq iştirak edib. Gecə iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Azərbaycan bəstəkarlarının ölməz əsərlərinin Avropa klassik musiqiləri ilə bir arada təqdim olunması, tanınmış sənətkarların ifaları və rəngarəng bədii proqram iştirakçılara unudulmaz anlar yaşadıb. Tədbirin sonunda sənətçilər uzun müddət davam edən alqışlarla səhnəyə dəvət edilərək təşəkkür və rəğbətlə qarşılanıblar.
Tədbir çərçivəsində əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam Nərgiz Quliyevanın əsərləri də nümayiş etdirilib. Musiqi və təsviri sənətin vəhdətini əks etdirən bu təqdimat tədbirin bədii məzmununu daha da genişləndirərək Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirib.