Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Roland Bicamov: “Ermənistan həm İran, həm də Rusiya ilə münasibətləri korlayır” - MÜSAHİBƏ
Bölgədə xarici qüvvələrin olması səbəbindən İrəvanla Tehran arasında ciddi gərginlik yaranıb və bu, İran Prezidenti İbrahim Rəisinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla bu yaxınlarda keçirdiyi görüşdə dediyi kimi, nəinki vəziyyəti həll etmir, əksinə, daha böyük problem yaradır.
Ermənistanın “Qraparak” qəzeti, öz növbəsində, qeyd edir ki, baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətinin İrana səfəri gərgin atmosferdə keçib, belə ki, Tehran Ermənistanın Qərblə yaxınlaşmasından narazılığını bildirib.
Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Münhendə (Almaniya) erməni icmasının nümayəndələri ilə görüşdə Ermənistanla İran arasında hər şeyin o qədər də sadə olmadığını bildirib. Bunun fonunda İranın quru sərhədlərini bağlamağı planlaşdırdığı barədə məlumatlar diqqəti cəlb edib. Bu açıqlama ilə İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri çıxış edib.
Tanınmış rusiyalı şərqşünas, siyasi elmlər namizədi Roland Bicamov vəziyyəti Oxu.Az-a şərh edib:
- Alınan məlumatlardan söhbətin İranın hansı sərhədləri bağlamağı planlaşdırdığı tam aydın deyil. Ermənistan, Pakistan və digər ölkələrlə sərhədlər? Amma hər halda Ermənistanla İran arasında münasibətlərin əvvəlki kimi olmadığı bəllidir. Nikol Paşinyanın komandası Ermənistanın region və dünya ölkələri ilə münasibətlərini yenidən tənzimləyir. Amma Ermənistanın Fransanın yanında deyil, Cənubi Qafqazda yerləşməsini nəzərə almır.
Ermənistan-İran münasibətlərinin pisləşməsi və bu ölkələr arasında gərginlik mənim üçün qəfil olmadı, bunu gözləyirdim. Bölgəyə tələsən və Ermənistan administrasiyasına dəstək verən həmin dövlətlərin hərbi-strateji məqsədlərindən biri də İran, Türkiyə və Cənubi Qafqaz ölkələrinə təsir etmək üçün əlverişli tramplin yaratmaqdır.
Yeri gəlmişkən, “Qraparak” nəşri də yazır ki, iranlılar guya Ermənistan ərazisində İran hərbi bazasının yaradılmasını təklif ediblər. Bu, doğru ola bilər, amma çox güman ki, biz ya İranın mahir trolluğu ilə üz-üzəyik, ya da çox güman ki, erməni tərəfi (Qərbdəki - red.) böyük tərəfdaşlarına siqnallar göndərir ki, baxın, Tehran bizə hərbi baza yaratmağı təklif etdi, amma biz imtina etdik.
İstənilən halda hazırkı vəziyyət proqnozlaşdırılabilən idi. Ermənistan Qərbə getməyə çalışır, lakin onun “ayaqları” Cənubi Qafqazdadır.
Qeyd edək ki, Paşinyan komandasının bəzi hərəkətləri haqlıdır, çünki ölkədə iqtisadi fəallıq artıb. Bununla belə, xarici siyasət məsələlərində Nikol Paşinyan hakimiyyətinin Qərbə xidmətkarlığı (nökərçiliyi, yarınmaqlığı - red.) gələcək üçün yaxşı heç nə vəd etmir. Coğrafi baxımdan Cənubi Qafqazdan uzaq olan oyunçuların regionun işlərinə qarışmaları İran, Türkiyə, Rusiya və Azərbaycanın xoşuna gəlmir. Qərb hərbi bazasının yaradılması ilə bağlı (Ermənistanda - red.) əsaslı fərziyyələr yaranarsa, məsələlər təhlükəli inkişafa çata bilər.
Rusiya hələ də Ermənistanın təhlükəsizliyini təmin edir, Rusiya sərhədçiləri Ermənistanda xidmət edirlər. Bununla belə, Ermənistan cəmiyyətində Rusiyadan bir növ əsassız inciklik var. Amma Moskva yad ərazidə kiməsə görə özünü oda atmağa borclu deyildi. Üstəlik, əgər Paşinyanın komandası Rusiya Federasiyası ilə açıq-aşkar düşmənçilik edirsə. Rusiya tərəfi yamanlığa yaxşılıq limitini tükədib.
Ermənistan Rusiya üçün dost ölkə sayıla bilməz. Bəli, Ermənistanda Rusiya hərbi bazası, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti var ki, o da İrəvanın Zvartnots hava limanında fəaliyyət göstərir. Ancaq mənə elə gəlir ki, buna baxmayaraq, Rusiyanın səbri gec-tez tükənə bilər.
- Belə çıxır ki, Ermənistanın İranla, İrəvanın Moskva ilə münasibətləri bir-birinə bağlı olan şeylərdir?
- Məhz belə. Buraya NATO üzvü və ABŞ-nin tərəfdaşı kimi görünən Türkiyəni də əlavə etməliyik. Amma Rəcəb Tayyib Ərdoğan keçən il Türkiyədə keçirilən prezident seçkisində uduzsaydı, o zaman Türkiyənin yeni rəhbərliyi tamamilə amerikapərəst olardı və biz ölkənin xarici siyasət kursunda tam dəyişikliyin şahidi olardıq. Lakin türk xalqı hazırkı dövlət başçısını vəzifəsində saxlamaq qərarına gəlib.
Ermənistan öz yolunu seçdi. Əhalinin əksəriyyəti Paşinyanı dəstəkləyir, çünki onlar əvvəlki hakimiyyətin qayıtmasını istəmirlər (20 il ərzində, 2018-ci ilə qədər Ermənistanda qondarma “Qarabağ klanı”nın nümayəndələri hakimiyyətdə olublar - red.).
Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın və Paşinyanın imzaladığı digər sənədlərin müddəalarına əməl etməli, kommunikasiyaları açmalıdır. Əvəzində Paşinyan Avropanı gəzib “köhnə qitə”nin liderləri ilə şəkil çəkdirdi, bəzi anlaşılmaz danışıqlar apardı və aparır, demaqogiya, populizm səviyyəsində qəribə bəyanatlar verir. Lakin bu baxımdan cənab Paşinyan proqnozlaşdırılandır.
Nair Əliyev
"Almaniya" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rəylər