Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycanın altı ölkənin ordusunu bir araya gətirəcək "Birliyin Gücü - 2026" birgə hərbi təliminə hazırlığı və bu formatın mümkün regional əhəmiyyəti təhlil olunub.
Bildirilib ki, Bakıda Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən planlaşdırma konfransında təlimin ssenarisi, döyüş epizodları və qarşıda duran tapşırıqlar müzakirə edilib. Nümayəndələr təlim ərazisinə baxış keçirib və yekun protokol imzalayıblar.
Azərbaycan bu ölkələrlə əvvəllər müxtəlif ikitərəfli və çoxtərəfli hərbi hazırlıq proqramlarında iştirak edib. "Birliyin Gücü - 2026" indiyədək ayrı-ayrı istiqamətlərdə toplanmış təcrübəni vahid hazırlıq çərçivəsində birləşdirə bilər. İştirakçı ölkələrin coğrafiyası Qara dənizdən Cənubi Asiyaya qədər geniş təhlükəsizlik məkanını əhatə edir. Təlimə hazırlıq Yaxın Şərqdə hərbi gərginliyin artdığı, ABŞ-İran qarşıdurmasının kəskinləşdiyi və Hörmüz boğazında gəmiçilik risklərinin yüksəldiyi dövrə təsadüf edir. Vurğulanıb ki, döyüş epizodlarının hazırlanması və təlim ərazisinin yerində öyrənilməsi tədbirin yalnız komanda-qərargah fəaliyyəti ilə məhdudlaşmayacağını ehtimal etməyə əsas verir.
Təlimdə quru qoşunları, komando və xüsusi təyinatlı bölmələrin əsas rol oynayacağı, PUA və aviasiya vasitələrinin isə dəstək məqsədilə cəlb oluna biləcəyi gözlənilir.