2020-ci ildə Azərbaycanla Ermənistan arasında beş vermiş 44 günlük müharibə nəticəsində uzun illər işğal altında qalmış Azərbaycan əraziləri azad edilərək ölkənin beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü bərpa edilib. Hazırkı postkonflikt dövründə iki ölkə arasında aparılan danışıqlarda, əsasən, sülh müqaviləsinin imzalanması, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən kommunikasiyaların qarşılıqlı əsaslarla açılması əsas müzakirə mövzularıdır.
Cari ilin aprel ayından etibarən iki ölkə sərhədinin Laçın istiqamətində rəsmi Bakı tərəfindən nəzarət-buraxılış və gömrük məntəqələrinin qurulması bir daha Qarabağ münaqişəsinin tarixə qovuşduğunu göstərən mühüm nəticə idi. Təsadüfi deyil ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam şəkildə təmin olunduğunun göstəricisi hesab edilən “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğu ölkə ictimaiyyəti qarşısında rəsmən bildirildi.
Lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağın dağlıq ərazilərində özünü erməni əhalisinin rəhbərləri kimi qələmə verən bir qrup şəxsin separatçı düşüncələri və buna uyğun atdıqları addımlar davam etməkdədir. Qarabağın daxilində qanunsuz erməni silahlı qruplaşmalarının yerdəyişməsi və müxtəlif istiqamətlərdə hərbi təlimlərin aparılması prosesi hələ də müşahidə edilir.
Son vaxtlarda separatçılar tərəfindən intensivləşən hərbi fəaliyyətlərdə yetkinlik yaşına çatmayan erməni uşaqlardan istifadə edilməsi halları yenidən üzə çıxır. Bir neçə gün öncə Qarabağda azyaşlı uşaqların hərbi formada hərəkət etdikləri kadrların olduğu video erməni bloqerlər tərəfindən sosial şəbəkələrdə yayımlanıb.
Şəkil 1. Qarabağda qanunsuz hərbi birləşmələrin hazırlıqlarına qatılan azyaşlı uşaqlar:

Özünü Qarabağda yaşayan erməni vətəndaşların lideri kimi təqdim etməyə çalışan Arayik Arutyunyan, Ruben Vardanyan başda olmaqla separatçı rəhbərliyin azyaşlı uşaqlardan hərbi fəaliyyətlərdə istifadə etməsi beynəlxalq cinayətdir. Hazırda dünyada varlığını davam etdirən İŞİD, YPG/PKK, “Əl-Qaidə” və digər bir sıra terror təşkilatlarının təlim düşərgələrində, eləcə də icra etdikləri terror aktlarında azyaşlı uşaqlardan istifadə edilir. Bu haqda beynəlxalq təşkilatların hesabatlarında kifayət qədər geniş məlumata rast gəlmək mümkündür.
Şəkil 6. İŞİD terror təşkilatının uşaqlardan ibarət xüsusi dəstəsi.

Şəkil 7. YPG/PKK terror təşkilatının uşaq döyüşçüləri.
Təəssüflə qeyd etmək lazımdır ki, adıçəkilən terror təşkilatlarının yürütdüyü dəst-xət Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində də aparılmaqdadır. Lakin VoMA, POGA və digər müxtəlif erməni silahlı qrupları tərəfindən Qarabağ ərazilərində icra edilən qanunsuz hərbi fəaliyyətlərə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən diqqət yetirilməməkdədir. Rəsmi Bakı BMT və onun ixtisaslaşmış təsisatları (UNICEF) başda olmaqla digər beynəlxalq təşkilatların, o cümlədən insan hüquqları sahəsində qlobal nüfuza malik “Human Rights Watch”, “Amnesty International” təşkilatlarının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (“International Committee of the Red Cross”) məsələyə münasibət bildirərək separatçılar tərəfindən yürüdülən fəaliyyətə müdaxilə etməsinə çağırır.

“Trend” İnformasiya Agentliyi