Məşhur amerikalı hüquqşünas Samuel Vims “Ermənistan: Terrorçu “xristian” ölkənin gizlinləri” adlı kitabında yazır: “Ermənilər “soyqırım sənayesi”ni çox sadə və bəsit səbəb üçün yaradıblar: xristian dünyasına milyardlarla dollar kələk gəlmək, soymaq və aldatmaq üçün”.
Mən özlərini dünyaya “əzabkeş” və ilk xristian (hərçənd efioplar da bu ada iddialıdı. Fikrimcə, onlar afrikalı olmasaydı, Avropa onları ilk xristian kimi tanıyardı) kimi təqdim edən ermənilərin hansı üsullarla bu pulları aldığı, həmin pulların Ermənistanın hakim eşolonu tərəfindən necə və hara xərcləndiyi barədə yazmayacam.
Diqqətimi 1996-cı ildən ABŞ senatoru olan Dik Durbinin 26 mart tarixli bəyanatı cəlb elədi. Həmin bəyanatda cinayət əməllərinə görə həbs olunmuş “hüquq müdafiəçilərinin həbsinə görə dərin narahatçılıq” ifadə olunub.
Ədalətdən və ləyaqətdən dəm vuran senator Dik Durbin və bu kimi bəyanatla çıxış edən şəxslər nədənsə öz doğma torpaqlarını ziyarət etmiş və hal-hazırda Ermənistan tərəfindən min bir işgəncə altında olan azərbaycanlılar haqda bir kəlmə də olsun fikir bildirmir.
Nəyə görə öldürdüyü uşaq və qadınların sayı ilə fəxr edən Ermənistan prezidenti Serj Sərkisyan və digər bu kimi cinayətkarlar barəsində bir söz demir? Bəlkə ölənlər müsəlmandırlar deyə ABŞ siyasətçilərinin maraqlarına cavab vermir. Bu kimi müqayisələr aparanda nədənsə həmişə səlib yürüşləri yadıma düşür.
Azərbaycanda insan hüquqlarına görə dərin narahatlıq ifadə edən senator bu yaxınlarda ABŞ Prezidenti Barak Obamaya qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı müraciət etmişdir. Senator Dik tərəfindən verilmiş bəyanatlar bir-biri ilə aydın şəkildə ziddiyət təşkil edir. Həm “əzabkeş ermənilərin düşməni” olan Azərbaycanı tənqid edir, həm qondarma “soyqırımın” tanınması ilə çıxış edir.
Bu ziddiyət ilə əlaqədar internetdə apardığım kiçik araşdırma zamanı senatorun Amerikada Erməni Milli Komitəsi (ANCA) ilə sıx əməkdaşlıq etdiyi müəyyən olundu.
1918-ci ildən müxtəlif adlarla fəaliyyət göstərən ANCA amerikalı siyasətçilərin pulla və digər qiymətli hədiyyələrlə ələ alınmasında zəngin təcrübəyə malikdir.
Bu yaxınlarda daima Azərbaycanı tənqid edən və ABŞ-da yaşayan erməni lobbisinin təsiri altında olan konqresmen Robert Menendezə korrupsiya əməllərinə görə cinayət işi açılmışdır.
Haqq-ədalət həmişə öz yerini tapır.Gec-tez senator Diklə bağlı eyni hadisənin baş verəcəyini gözləmək olar.
Rauf Babayev
www.oxu.az