Polis “Səfərbərlik elan edilsin, II Qarabağ müharibəsi başlansın” tələbi ilə “Gənc milliyyətçilər” tərəfindən Fəvvarələr meydanında avqust ayının 3-də təşkil edilmiş imza yığma aksiyasını dağıdıb.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, təşkilatın rəhbər üzvləri Müşviq Atilla Vəliyev, İsmayıl Camalov, Orxan Eyvazov və Aqşin Aşurov polis əməkdaşları tərəfindən saxlanılıblar, bu gün isə onlar məhkəmə qarşısına çıxacaqlar.
Təşkilatın rəhbər üzvü İlkin Bozqurd, eləcə də üç üzvü Gəncədə saxlanılıblar:
“Cəbhə xəttində gərgin vəziyyət yaranan kimi mən və Müşviq Facebook-da “event” yaratdıq və prezidentə müharibəyə başlama tələbi ilə müraciət etdik. Biz Fəvvarələr meydanında imza toplamaq aksiyası təşkil etdik, amma aksiya başlamamış təşkilat üzvləri həbs edilərək Səbail rayon 39-cu Polis bölməsinə gətirildilər. Bu gün isə onların Səbail məhkəməsinə aparıldıqları məlum olub”.
Gəncədə dünən fəallardan Arzu Məmmədzadə, Anar İmanov və Turqan Əliyev saxlanılıb.
“Biz qanunsuz heç nə etməmişik. Sadəcə öz tələblərimizi səsləndirmişik. Qanunu pozmamışıq. Polis əməkdaşları isə bizə qarşı qanunsuz hərəkət ediblər. Onlar bizimlə kobud, qeyri-insani rəftar ediblər. Bizim günahımız sadəcə vətənimizi sevməyimizdir”.
Məlumata görə məhkəmənin qərarı ilə fəallar azad edilib, onlara xəbərdarlıq edilib ki, bundan sonra qanunsuz aksiya təşkil etməsinlər. Gəncədə saxlanılan fəallar haqqında heç bir məlumat yoxdur.
Atilla Vəliyev onların yaratdıqları “event”in 15 min imza yığdığını deyib və bəyan edib ki, cəbhədə baş verən son hadisələr belə aksiyaların təkrarını tələb edir.