Rusiya Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi üçün hansısa yeni sənədlərin qəbul edilməsi üçün təşəbbüs ilə çıxş etməyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov Rusiyanın xarici siyasətinin 2015-ci il üçün yekunlarına həsr edilmiş mətbuat konfransında çıxış edərkən söyləyib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil”, - Lavrov sülh danışıqları çərçivəsində “Lavrovun sənədi və ya təklifi”nə dair məlumatı şərh etmək xahişinə bildirib.
Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində yalnız bir neçə sənəd mövcuddur.
“Qarabağ nizamlanması ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlər mövcuddur.
Bu sənədlər münaqişənin tənzimlənməsi üçün əsas prinsiplərin birinci addımı kimi hazırlanıb, daha sonra bu prinsiplərin əsasında siyasi xarakter yox, hüquqi öhdəçilik daşıyan sülh sazişi hazırlanmalı idi”, - Lavrov izah edib.
“Bu sənədin müxtəlif versiyaları həmsədrlər tərəfindən ATƏT-in baş katibinə göndərilib. Onlar təşkilatın seyfindədir. Bu sənəd adlandırıla biləcək yeganə kağızlardır”, - o, əlavə edib.
Nazir xatırladıb ki, bu yaxınlarda münaqişənin tənzimlənməsində müvəqqəti fasilədən sonra tərəflər “çıxış yolunun tapılması” üçün diplomatik əlaqələri bərpa ediblər.
“Belə çıxış yolları indi uca səslə ideya və fikirlərin səslənməsi səviyyəsində axtarılır. Mənim Ermənistandan, Azərbaycandan olan həmkarlarım ilə bir neçə görüşüm olub. Biz bütün bunları ABŞ və Fransadan olan həmsədrlər ilə də müzakirə edirik.
ATƏT-ə göndərilən sənədlərdən başqa sənəd mövcud deyil. Qalan hər şey axtarış-beyin hücumudur”, - Lavrov vurğulayıb.