Lənkəran şəhərində tank əleyhinə mina aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, mayın 2-də saat 12:21-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili tədbirlər nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Tank əleyhinə minanın ətrafında 1,000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.