Azərbaycan, Özbəkistan və Türkiyə respublikalarının hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Oxu.Az bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Qeyd edilib ki, Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində təşkil olunan tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, ordularının baş qərargah rəisləri, eləcə də digər yüksək vəzifəli qonaqlar iştirak ediblər:
"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbir iştirakçılarını salamlayaraq təlimin gedişatı, tapşırıqları və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov bu cür təlimlərin ölkələrimiz arasında dostluq və qardaşlığın artırılması, vahid güc formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları, habelə müxtəlif taktiki epizodları icra ediblər.
Təlim sahəsində şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqələrində döyüş, mina sahələrindən keçidlərin açılması, şərti terrorçuların mövqelərinə basqın və obyektlərin şərti düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə zirehli texnikalarının məhv edilməsi fəaliyyətləri yerinə yetirilib.
Tapşırıqlar döyüş helikopterlərinin, zirehli texnikaların və artilleriya vasitələrinin atəş dəstəyi ilə qarşılıqlı fəaliyyət və uzlaşma şərtlərində icra olunub.
Bununla yanaşı, gəmiyə havadan PUA hücumunun qarşısının alınması, terrorçular tərəfindən ələ keçirilmiş dəniz özülünün, gəminin və girovların azad edilməsi, eləcə də adaya dəniz desantı çıxarmaqla terrorçuların bazasının məhv edilməsi üzrə fəaliyyətlər təqdim olunub.
Eyni zamanda, təlimin Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" və Bakı şəhərindəki "Qaraheybət" təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasına aid "Böyük Zirə" təlim sahəsində icra edilən tapşırıqlar onlayn rejimdə izlənilib".
Qeyd edək ki, 21 sentyabr - 01 oktyabr tarixlərində keçirilən təlimin məqsədi iştirakçı ökələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və dostluq əlaqələrinin gücləndirilməsidir.
Müşahidəçilər tərəfindən təlimdə iştirak edən şəxsi heyətin peşəkarlıq səviyyəsi müsbət qiymətləndirib.
Sonda iştirakçılara hədiyyələr təqdim olunub, təlimdə fərqlənən bir qrup hərbi qulluqçular medallarla təltif edilib.
"Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə yerli və xarici media nümayəndələri də iştirak ediblər.
"Birliyin Gücü-2026" birgə hərbi təlimi çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov hərbi texnikaların nümayiş etdirildiyi sərgiyə baxış keçiriblər.
Oxu.Az xəbər verir ki, sərgi Xocavənd rayonunun "Qızılqaya" Təlim Mərkəzində baş tutub.
Eyni zamanda, təlimdə İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində iştirak edir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.