Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda təhsil almış şəxs KTMT-yə rəhbərlik edə bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Belarusdan olan Stanislav Zasın namizədliyi geniş müzakirə edilir.
Oxu.Az xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Tacikistan prezidenti Emoməli Rəhmon bir neçə gün əvvəl S.Zasla görüşündə onun namizədliyini dəstəklədiklərini açıqlayıblar.
Bu posta Belarusdan olan namizədin seçiləcəyi də heç bir şübhə doğurmur.
S.Zasın Azərbaycanla və bu ölkədəki hərbi nümayəndələrlə xüsusi dostluq münasibətləri var.
Məlumdur ki, 1964-cu ildə Ukraynada doğulan Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. O, 1996-cı ildə Belarus Hərbi Akademiyasında, 2005-ci ildə isə Rusiya Federasiyası Baş Qərargahının hərbi akademiyasında təhsil alıb.
Stanislav Zas 2008-ci ilin avqustunda Belarus Dövlət Təhlükəsizlik Şurasının katibinin müavini təyin edilib. O, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi kimi bir neçə dəfə Bakıda səfərdə olub və şəxsən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Qeyd edək ki, daha əvvəl KTMT baş katibi vəzifəsini tutan Ermənistan nümayəndəsi Yuri Xaçaturov vəzifədən azad edilib, onun müavini Valeri Semerikov vəzifəni müvəqqəti icra edib.
Ermənistan müstəntiqləri Xaçaturova qarşı 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyalarını dağıtmaqla bağlı cinayət işi üzrə konstitusiya quruluşunu devirməklə əlaqədar ittiham irəli sürüb. Məhkəmə Xaçaturovu girov qarşılığında sərbəst buraxıb. O, bu il noyabrın 2-də KTMT baş katibi vəzifəsindən azad edilib.
Samir İsayev
www.oxu.az
Oxu.Az yeniləndi!