13 
Fev
2019
20:24
839
167
19286
Virtual karabakh

İlham Əliyevin Beyləqana səfəri - YENİLƏNİB + FOTO/VİDEO

13 Fev, 2019
20:24
19286

İlham Əliyevin Beyləqana səfəri - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Dövlət başçısına məlumat verilib ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib.

Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla, 48 mənzilin tikintisi davam etdirilir. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. Yaylım atəşli reaktiv sistem SMERÇ kompleksi reaktiv mərmilər atmaqla nüvə hücum vasitələrinin, cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə tank, motoatıcı, artilleriya və raket bölmələrinə, enmə meydançalarında helikopter bölmələrinə, mövqelərdə raket və hava hücumundan müdafiə bölmələrinə, idarəetmə məntəqələrinə tələfat vermək üçün təyin olunub.

122 millimetrlik yaylım atəşli reaktiv sistem BM-21 cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, atəş mövqeyində artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq üçün təyin edilib. 220 millimetrlik TOS-1A ağır odatan sistemi T-90 tankının şassisi üzərində quraşdırılan reaktiv qurğudur. O, idarə olunmayan reaktiv mərmilərin daşınması, saxlanması, hədəfə tuşlanması və düşmənin tağım dayaq məntəqəsi tipli ərazi hədəflərini, həmlə edən bölük, artilleriya və minaatan batareyalarının atəş mövqelərini, marşda olan avtomobil kalonlarının məhv edilməsi üçün təyin olunub.

152 millimetrlik 2A36 topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib. 130 millimetrlik M46 topu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikasını və canlı qüvvəsini, arxa xidmət məntəqələrini və ordunun idarəetmə bölmələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq üçün təyin olunub.

120 millimetrlik “Nizə” minaatanı düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Bu kompleks lazertuşlayıcı və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir. “Nizə” döyüş maşını yolsuzluq şəraitində yüksək manevr imkanlarına malik olub, heyətin qorunmasını və təhlükəsizliyini təmin edir.

Tankəleyhinə idarə olunan raket kompleksi “Xrizantema - S” sutkanın istənilən vaxtında, hava şəraitindən asılı olmayaraq hərəkət edən və etməyən yerüstü və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Tank əleyhinə raket kompleksi “SPİKE-LR” düşmənin 200 metrdən 4 min metrədək məsafədə hərəkət edən və hərəkətsiz tank və zirehli texnikalarını, canlı qüvvələrini məhv etmək üçün təyin olunub. Kompleks yüngül çöl müdafiə qurğularına, binalara, alçaqdan uçan helikopterlərə də dəqiq atəş açmaq imkanı yaradır. Həmçinin kompleksdən kəşfiyyat xarakterli əməliyyatlarda da istifadə etmək mümkündür.

“SPİKE-ER” qurğusu isə döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşan, 400 metrdən 8 min metrədək, gündüz, gecə və məhdud görmə şəraitlərində düşmən tanklarını, PDM, zirehli texnikalarını, aşağı yüksəklikdə uçan hava hədəflərini məhv etmək üçün raket buraxıcı sistemdir. “Orbiter - 2B” pilotsuz uçuş aparatı döyüş əməliyyatlarında tətbiq etmək, hava kəşfiyyatını aparmaq, eləcə də istənilən şəraitdə hədəfgöstərmə və artilleriya atəşinə xidmət etmək üçün təyin olunub.

Universal radiolokasiya kompleksi düşmənin atəş açan taktiki raketlərinin, reaktiv qurğularının, haubitsaları və minaatanlarının kəşfiyyatını aparmağa və öz artilleriya bölmələrimizin atışına xidmət etmək üçün təyin edilib. “R-010SC” komanda-qərargah maşını əməliyyat idarəetmə səviyyələrində tətbiq olunmaqla, hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçün nəzərdə tutulub. “R-010SC” radioidarəetmə məntəqəsi isə analoq və rəqəmsal açıq, məxfi, sinxron tezlik dəyişən, həmçinin bütün növ məlumatların kompüter vasitəsilə ötürülməsi və qəbulu üçün nəzərdə tutulub.

Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlardan ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlanıb, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib.

14.37

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Azərbaycanın iqtisadi inkişafı Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Bu məsələyə vaxtında lazımi diqqət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da gücləndirib.

2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC-nin yaradılması ilə bağlı imzaladığı Fərman da Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması hərbçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub.

Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görülüb. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları artırılıb, onlar üçün paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunub.

İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur.

Dövlətimizin başçısına məlumat verilib ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib.

Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir.

Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb. Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlarından ibarət yeməkxana binası inşa olunub.

Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

Prezident İlham Əliyev daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlandı, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar edib.

Bütün bunlar göstərir ki, orduda aparılan islahatlar bəhrə verir. Döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyev təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərlər edir.

Ali Baş Komandanın əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır. Bununla da güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır.

Bunun nəticəsidir ki, qəhrəman hərbçilərimizin uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi 2016-cı ildə azad olunub. Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ələ keçirilib.

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına keçməsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu da göstərir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücünün əsasında xalqına, dövlətinə sədaqət və Vətən sevgisi durur.

14:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan rayonunda yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sektorda mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. 

Bu sırada Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərdən olub. Geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. 

Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

“Azərişıq” ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. 

Onlardan 20 min 728-i əhali, 1752-si qeyri-əhali kateqoriyasına aiddir. Rayonun elektrik enerjisi ilə təminatının və etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş və dispetçer əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq 15 MVA yeni güc yaradılıb. 

Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Beyləqan və Ağcabədi rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına, 110 kV-luq üç qovşaq yarımstansiyasının əlaqələndirilməsinə, eyni zamanda, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə xidmət edəcək. Yenidən qurulmuş yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak və Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda, şəhərdəki ictimai, sosial-mədəni, idman, müalicə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq və digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.

Bildirildi ki, “Beyləqan-1” yarımstansiyasında müasir tipli idarəetmə mərkəzi, 35-10 kv-luq qapalı paylayıcı qurğular məsafədən dispetçer idarəetmə sisteminə (SCADA) qoşulub. Yarımstansiyanın inzibati binasında işçilər üçün lazımi iş otaqları, yardımçı və texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.

14:12

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu mədəniyyət ocağı 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. 

Ötən il yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1050 kvadratmetrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik “dəyirmi masa” zalı, bir texniki otaq var. Muzeydə həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. 

Bu eksponatlar turistlərdə böyük maraq doğuracaq, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına hərtərəfli imkan yaradacaq.

Bildirildi ki, burada 6087 adda eksponat mövcuddur. Muzeyin fondunda və kolleksiyasında ən qədim eksponat son tunc, ilk dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir. 

Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir.

Şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. 

Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini bir daha nümayiş etdirir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması işi geniş vüsət alıb. Belə layihələrin icrası ölkəmizin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün müstəsna əhəmiyyətə malikdir.

Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib.

Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

13:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Gənclər və idman naziri Azad Rəhimov Beyləqan Olimpiya İdman Kompleksində yaradılan şərait barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verib.

Bildirildi ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. 

Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. 

Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. 

Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. 

Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək.

Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Qırx yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur.

Qeyd edildi ki, Beyləqan Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Karate üzrə dünya çempionu Sahib Nəsibov və yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil Fərzəliyev göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, kompleksin müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1900-ə qədər tamaşaçı izləyə biləcək. Burada mini futbol meydançaları da idmançıların ixtiyarına verilib. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

12:20

Fevralın 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun göstəriciləri barədə məlumat verib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır.

Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur.

Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.

Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri də Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolunun tikintisidir.

Məlumat verilib ki, bu yol 26 min nəfər əhalinin yaşadığı yeddi yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir.

İki və dörd hərəkət zolaqlı yol yüksək keyfiyyətlə tikilib. Yol boyunca üç avtobus dayanacağı, suötürücü borular, 78 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Uzunluğu 73 min metr olan yol cizgi xətləri çəkilib, dörd körpü əsaslı təmir edilib.

Prezident İlham Əliyevə Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması layihəsi barədə də məlumat verilib. Bildirilib ki, dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 39,4 kilometrdir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni altı metrdir.

İyirmi iki min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən yolun təmiri yük və sərnişin daşınmasının daha da yaxşılaşdırılmasına imkan verəcək.

Dövlətimizin başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. 

Son illər Prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamlarına əsasən yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur.

12:05

Fevralın 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gedib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri