Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi
“Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu hotellərdə saxlanılır. O cümədən, mindən çox insan Atletlər kəndində saxlanılır”.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.
“Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” hotelləri, bölgələrdə, o cümlədən, Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən hotellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas hotellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi.
Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”, - dövlət başçısı vurğulayıb.