"New York Times" qəzetinin "Games" mühəndis xidmətinin direktoru Conatan Makkinsi Kaliforniyadakı idman kompleksinin dayanacağında güllə yaralarından həyatını itirib.
Oxu.Az "Fox News" telekanalına istinadən xəbər verir ki, 40 yaşlı menecerin qətlində onun həyat yoldaşının valideynləri şübhəli kimi müəyyən edilib.
Polis əməkdaşı Makkinsini yaralı halda aşkarlasa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları hadisə ilə əlaqəli iki nəfəri qısa zamanda müəyyən edib. Şahidlərin ifadələri əsasında cinayətin törədildiyi ərazinin yaxınlığında zərərçəkənin arvadının valideynləri - 77 yaşlı Şouyun Cjan və Şili Çen saxlanılıblar.
Hazırda ər-arvad Santa-Rita həbsxanasındadırlar. Onlar Makkinsini qətlə yetirməkdə şübhəli bilinirlər. Eyni zamanda polis hələlik qətlə nəyin səbəb ola biləcəyi ilə bağlı hər hansı bir məlumat verməyib.
İstintaq hadisənin təfərrüatını araşdırır.