BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə, tarixi yaddaşın və mədəni irsin qorunması məsələləri müzakirə olunub.
Konfransın açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun Kommunikasiya və Data Analitikası şöbəsinin müdiri Elgün Hacıyev Qərbi azərbaycanlıların qayıdış hüququ məsələsinə toxunub. O bildirib ki, Qərbi azərbaycanlıların öz keçmiş yaşayış yerlərinə qayıdış hüququ məsələsi BMT-nin müvafiq qurumları və beynəlxalq mexanizmləri çərçivəsində nəzərdən keçirilməyə layiqdir.
"Qayıdış hüququ fundamental insan hüququdur. Öz doğma yurduna qayıtmaq yalnız fiziki qayıdış deyil. Bu, kimliyin, ləyaqətin, tarixi yaddaşın və mədəni davamlılığın bərpası deməkdir", - deyə Elgün Hacıyev vurğulayıb.
Tədbir çərçivəsində indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından çıxarılmış azərbaycanlıların tarixindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.
Daha sonra konfrans işini panel müzakirələri ilə davam etdirib. "Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ" adlı birinci paneldə qayıdış hüququnun beynəlxalq hüquqi əsasları, dekolonizasiya və öz müqəddəratını təyinetmə prinsipləri, məcburi köçürülmüş insanların hüquqlarının müdafiəsində beynəlxalq mexanizmlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.
"Məcburi köçkünlükdən doğma yurda - kimlik, tarixi yaddaş və qayıdış hüququ" adlı ikinci paneldə isə insanların öz ata-baba yurdlarından ayrılmasının nəticələri, doğma yurda qayıdış, mədəni kimliyin və tarixi yaddaşın qorunması, habelə təhlükəsiz və ləyaqətli qayıdış üçün zəruri şərait müzakirə edilib.
Corc Meyson Universitetinin doktorantı, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru Əli Məmmədov çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı keçmiş yaşayış yerlərinə qayıdışı məsələsinə diqqət çəkib. O bildirib ki, üç onillikdən artıq vaxt keçməsinə baxmayaraq, azərbaycanlı qaçqınların mənşə yerləri ilə əlaqəsi, qayıdış və mədəni irsin qorunması məsələləri aktuallığını saxlayır.
Əli Məmmədov, həmçinin vurğulayıb ki, azərbaycanlı icmalar tarixən İrəvanda və indiki Ermənistanın digər ərazilərində yaşayıblar və onların tarixi mövcudluğu məscidlərdə, qəbiristanlıqlarda, yaşayış məntəqələrində, tarixi yer adlarında, eləcə də digər mədəni və dini irs nümunələrində öz əksini tapıb.
Konfransda Yeni Kaledoniya, Korsika, Sen-Marten və Karib hövzəsinin digər ərazilərindən nümayəndələr, Afrika mənşəli xalqların və Sinq icmasının təmsilçiləri, keçmiş hökumət rəsmiləri, siyasi və ictimai təşkilatların nümayəndələri, ekspertlər iştirak ediblər.
Konfransın yekununda Bakı Təşəbbüs Qrupu və tədbir iştirakçıları adından BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul edilib. Müraciətdə Qərbi Azərbaycanda və sənəddə qeyd olunan digər ərazilərdə yaşayan və ya həmin ərazilərlə bağlı olan şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının təşviqinə, həmçinin Ermənistan ərazisində Azərbaycanın mədəni, dini və tarixi irsinin qorunması və mühafizəsi üçün səmərəli təminatların yaradılmasına çağırılıb.
Tədbirin sonunda konfrans iştirakçıları səssiz aksiya keçiriblər. Aksiya zamanı "Qərbi Azərbaycan - qayıdış xeyriyyə deyil, hüquqdur", "Ədalət qayıdış hüququndan başlayır", "Qayıdış olmadan dekolonizasiya tamamlanmayıb", "Müstəmləkəçiliyə son qoyulsun, tarixi ədalət bərpa edilsin" və "Öz müqəddəratını təyinetmə dekolonizasiyaya aparan yoldur" şüarlarının əks olunduğu plakatlar qaldırılıb.
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfransın iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər.
Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu və beynəlxalq konfransın iştirakçıları adından qəbul edilən müraciətdə BMT Nizamnaməsinin xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə, insan hüquq və əsas azadlıqlarına hörmət prinsipləri əsas götürülüb.
Sənəddə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, insan hüquqlarına dair beynəlxalq paktlar, habelə qayıdış hüququ, dekolonizasiya və fundamental hüquqların müdafiəsinə dair BMT-nin müvafiq sənədləri xatırladılıb.
Müraciətdə bütün xalqların beynəlxalq hüquqa uyğun olaraq öz siyasi statuslarını sərbəst müəyyən etmək, iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə həyata keçirmək hüququna malik olduqları bir daha təsdiqlənib.
Doğma və əcdadların yaşadıqları torpaqlara təhlükəsiz və ləyaqətli qayıdışın, eləcə də mülkiyyət hüquqlarının bərpasının, mədəni, dini və tarixi irsin qorunmasının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Sənəddə qayıdış hüququ, öz müqəddəratını təyinetmə və dekolonizasiya prinsiplərinin müxtəlif region və kontekstlərdə tətbiqinə münasibətdə qeyri-ardıcıl və selektiv yanaşmalardan narahatlıq ifadə olunub. Beynəlxalq hüquqa əsaslanan, icmaların mənalı iştirakını təmin edən dinc, inklüziv və hüquqa əsaslanan həll yollarının vacibliyi qeyd edilib.
Konfrans zamanı Bakı Təşəbbüs Qrupunun, eləcə də qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə, mədəni kimlik və tarixi ədalət məsələləri ilə məşğul olan icma və təşkilatların nümayəndələri tərəfindən səsləndirilən fikir və narahatlıqların nəzərə alındığı bildirilib.
Birgə müraciətdə konfrans iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərini Qərbi Azərbaycanda, Bonayredə, Arubada və Sint-Martendə yaşayan və ya bu ərazilərlə bağlı olan şəxslər, eləcə də Siqh, Konqolu, Burundi və Ruanda icmalarının üzvləri daxil olmaqla, təsirə məruz qalmış şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının dayanıqlı sülhün mühüm tərkib hissəsi kimi təşviq edilməsini davam etdirməyə çağırmağa dəvət ediblər.
Müraciətdə mənzil, torpaq və digər əmlakın restitusiya edilməsi, bunun mümkün olmadığı hallarda isə adekvat kompensasiyanın təmin olunması üçün şəffaf və əlçatan mexanizmlərin yaradılmasının təşviq edilməsi istənilib.
Sənəddə yaşayış faktını, mülkiyyət, vərəsəlik və ailə əlaqələrini təsdiq etmək üçün zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sənədlərinin, əmlak reyestrlərinin, arxivlərin və digər sənədlərin qorunmasının və onlara çıxışın təmin edilməsinin vacibliyinin vurğulanmasına çağırış edilib. Bunun xüsusilə torpaq və ərazilərlə tarixi bağları müstəmləkə hakimiyyəti və ya digər tarixi ədalətsizliklər nəticəsində təsirlənmiş icmalar baxımından əhəmiyyətli olduğu bildirilib.
Müraciətdə, həmçinin Ermənistan ərazisində Azərbaycanın mədəni, dini və tarixi irsinin, eləcə də Bonayre, Aruba və Sint-Martenin, Siqh, Konqolu, Burundi və Ruanda icmalarının mədəni, dini və tarixi irsinin qorunması və mühafizəsi üçün səmərəli təminatların yaradılmasına çağırılıb.
Konfrans iştirakçıları qayıdış, dayanıqlı həll yolları, sülh quruculuğu, özünüidarəetmə və dekolonizasiya ilə bağlı proseslərdə təsirə məruz qalmış şəxslər və onları təmsil edən təşkilatlarla substantiv məsləhətləşmələrin aparılmasının təşviq edilməsini də istəyiblər.
Bununla yanaşı, fiziki təhlükəsizlik, dövlət xidmətlərinə çıxış, mülkiyyət hüquqlarının qorunması, mədəni və dini hüquqlar, habelə yenidən məcburi köçürülməyə qarşı təminatlar daxil olmaqla, qayıdış üçün mövcud şəraitin qərəzsiz və ayrı-seçkisiz monitorinqinə çağırış edilib.
Birgə müraciətdə qayıdış hüququ, öz müqəddəratını təyinetmə, dekolonizasiya, mülkiyyət hüquqları, mədəni kimlik, ayrı-seçkilik və müvafiq icma və ərazilərə təsir edən transmilli repressiya hallarının nəzərdən keçirilməsi zamanı BMT-nin müvafiq Xüsusi Prosedurları, müqavilə orqanları və digər beynəlxalq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsinin təşviq olunması istənilib.
Sonda BMT-nin müvafiq mexanizmləri gələcək tematik fəaliyyətlərində, hesabatlarında, məsləhətləşmələrində, dövlətlər və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyətlərində bu məsələlərə lazımi diqqət yetirməyə dəvət olunub.
Eyni zamanda, Qərbi Azərbaycan, Bonayre, Aruba və Sint-Marten nümayəndələri, eləcə də Siqh, Konqolu, Burundi və Ruanda icmalarının nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, BMT sistemi çərçivəsində qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə və dayanıqlı həll yolları üzrə daha geniş əməkdaşlığın təşviq edilməsi çağırışı yer alıb.
Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyası çərçivəsində növbəti tədbirini keçirib.
Oxu.Az xəbər verir ki, tədbirin mövzusu "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" olub.
Tədbirdə qayıdış hüququ, dekolonizasiya prosesi və tarixi ədalətin bərpası ilə bağlı məsələlər müzakirə edilib.