Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Yurddaş” rəhbəri Biləsuvarın həbs olunan icra başçısı barədə: “Layiqli cəzasını alacaq”
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirəsalınmaz qərarlar ölkəmizin həmin bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır.
Ancaq dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda, dövlətçiliyə, xalqa əks mövqedə duran insanlar var.
Onlar ölkəmizdə pandemiya dövründə aparılan sosial dəstək siyasətinə qarşı hüquqa və mənəviyyata sığmayan hərəkətlər ediblər.
Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama ittihamları ilə həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon icra hakimiyyətlərinin başçılarının taleyindən nəticə çıxarmayan növbəti şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır.
Prezident İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqlar verib.
Buna baxmayaraq, Biləsuvarın icra başçısı dövlətin mənafeyinə ciddi zərbə vurub, pandemiya dövründə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəyib.
Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar.
Mövzu barədə Oxu.Az-a danışan “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib ki, bəzi məmurlar ən həssas dönəmdə belə özlərinin çirkin əməllərindən əl çəkmirlər:
“Belə şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Onlar xalqa qanunların diktə etdiyi şəkildə xidmət etmirlər, öz maraqlarını hər şeydən üstün tuturlar. Biləsuvarın icra başçısı Mahir Quliyev karantin rejimi ilə əlaqədar yardıma ehtiyacı olan insanlara sosial dəstək çərçivəsində ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsini mənimsəyib. O, həm də icra hakimiyyətinin sərəncamında olan vəsaitlərdən öz mənafeyi naminə istifadə edib”.
Partiya sədrinin sözlərinə görə, Mahir Quliyevin əməlləri dövlətin sərt münasibəti ilə qarşılaşdı.
“Onu qandallayıb məhkəmə qarşısına çıxardılar. Barəsində həbs-qətimkan tədbiri seçildi. Əminəm ki, o, layiqli cəzasını alacaq”, - deyə M.Səfərli əlavə edib.
Partiya sədri düşünür ki, bütün bunlar Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparıldığının göstəricisidir:
“Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə həyata keçirilən islahatların, kadr dəyişikliklərinin mühüm göstəricilərindən biridir. Dövlət başçısı dəfələrlə deyib ki, xalqa xidmət etməyən məmurlar bizə lazım deyil”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da keçirdiyi əməliyyatla Biləsuvarın icra başçısı Mahir Quliyev saxlanılıb.
Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Mahir Quliyev Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib.
Aqşin Kərimov