2026-cı il noyabrın 3-də ABŞ-də aralıq seçkilər keçiriləcək. Daha sonra - noyabrın 9-da Senat, noyabrın 16-da isə Nümayəndələr Palatası fəaliyyətini bərpa edəcək. Konqresin yeni tərkibi 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.
Bu müddətdə seçkilərdə məğlub olan, yeni vəzifələrə seçilən və ya təqaüdə çıxan konqresmenlər də səsvermələrdə iştirak etmək hüququnu saxlayacaqlar. Beləliklə, Konqresin hazırkı tərkibi səlahiyyət müddətinin başa çatmasına az qalmış mühüm qərarlar qəbul etmək imkanı əldə edəcəklər.
Bəs seçkinin nəticəsi ilə bağlı gözləntilər nədir? Proses Birləşmiş Ştatların gələcək taleyində hansı rolu oynayacaq?
Mövzu ilə bağlı Oxu.Az-a danışan ABŞ-li siyasi tədqiqatçı Con Kavuliç hesab edir ki, ABŞ Konqresi 2026-cı il noyabrın 9-da (Senat) və noyabrın 16-da (Nümayəndələr Palatası) yenidən fəaliyyətə start verəcək:

"Bu dövr "Lame Duck Session" (səlahiyyət müddətinin sonuna yaxın keçirilən sessiya) adlanır. Seçkilərdə məğlub olan, iştirak edib yeni vəzifələrə seçilən və təqaüdə çıxan üzvlər hələ də Konqresin tərkibində qalacaq və səsverməyə qatılacaqlar. Bu həftələr Prezident Trampın 2027-ci il yanvarın 3-dək hansı qanunvericilik aktlarını qəbul etdirə biləcəyinin müəyyənləşdirilməsi baxımından onun səlahiyyətlərinin sınağı olacaq. Ağ Ev rəhbərinin məğlub olmasına kömək etdiyi bəzi Konqres üzvləri qisas almaq istəyə bilərlər. Konqresdə qalacaq və ya lobbiçilik fəaliyyəti ilə məşğul olmaq, yaxud hökumətdə vəzifə tutmaq istəyənlərin isə Prezident Trampa dəstək verməyin şəxsi maliyyə maraqları və siyasi baxımdan sağ qalmaq üçün ən düzgün qərar olduğunu düşünməsi mümkündür".
"ABŞ Konqresi 2026-cı ilin noyabr və dekabr aylarında bayramlarla əlaqədar fasiləyə çıxacaq. Bu səbəbdən qanunvericilik fəaliyyəti üçün qalan iş günlərinin sayı azdır. 2027-ci il yanvarın 3-də ABŞ Konqresinin 120-ci çağırışı fəaliyyətə başlayacaq. Milli və ştat səviyyəsində keçirilən sorğulara görə, Demokratlar Partiyası 435 yerlik Nümayəndələr Palatasına nəzarəti ələ keçirə bilər. 100 yerlik Senatda kimin üstünlük qazanacağı isə hələlik qeyri-müəyyəndir", - analitik vurğulayıb.
Onun sözlərinə görə, Demokratlar Partiyası Nümayəndələr Palatasına nəzarəti ələ keçirərsə, 2025-ci il yanvarın 20-dən etibarən qəbul edilmiş qərarların araşdırılması üçün komitə və alt komitələrin yaradılması prosesi sürətlənə bilər:
"Həmçinin, 2021-ci il yanvarın 6-da ABŞ Kapitolisinə hücumu araşdıran seçmə komitənin modelinə uyğun xüsusi komitənin yaradılmasının da gündəmə gəlməsi gözləniləndir. Prezident Tramp isə hücumda adı hallananları əhatə edən ümumi əfv fərmanı verə bilər. Əgər onların hamısı əfv edilərsə, Demokratlar Partiyası 2028-ci il prezident seçkisinə qədər bundan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq. Lakin ABŞ Konstitusiyası prezidentə ştat və ya yerli səviyyədə törədilmiş cinayətlərə görə əfv etmək səlahiyyəti verməsə də, federal cinayətlərə görə bunu mümkün edir. Bu baxımdan, belə bir qərardan şikayət vermək mümkün deyil".