Lənkəranda bir dam altında yaşayan 5 ailənin evi təhlükəli vəziyyətə düşüb.
Oxu.Az-a müraciət edən Lənkəran şəhərinin Vaqif Nağıyev küçəsində yerləşən evin sakinlərinin sözlərinə görə, yaşayış evi 1960-cı illərdə kommunal təsərrüfatın balansında olub və işçilər üçün nəzərdə tutularaq inşa edilib.
Sonra evlər özəlləşdirilib və uzun illərdir ki, təmir olunmur. Artıq yaşayış binası qəzalı vəziyyətə düşüb. Dam örtüyü, döşəmə çürüyüb, divarlarda çatlar yaranıb.
Binada yaşayışın təhlükəli olması səbəbindən bir neçə ailə artıq kirayə evlərə köçüb. İmkanı olmayanlar isə hələ də təhlükəli vəziyyətdəki evdə məcburi yaşayır.
Qeyd edək, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Lakin sakinlər heç bir qurumdan köməklik edilmədiyini deyiblər.

Yusuf Məmmədli