Türkiyənin tanınmış iş adamlarından, "Zorlu Holding"in İdarə Heyətinin sədri Ahmet Nazif Zorlu dünyasını dəyişib.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan Zorlu oktyabrın 31-də reanimasiya şöbəsinə yerləşdirilib.
O, noyabrın 2-də, axşam saatlarında İstanbulda yerləşən xəstəxanaların birində vəfat edib.
Qeyd edək ki, Ahmet Nazif Zorlunun rəhbərliyi altında böyüyən "Zorlu Group" tekstil, elektronika, məişət texnikası, enerji, daşınmaz əmlak, metallurgiya və müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərir.
Qrupun tanınmış şirkət və brendləri arasında "Vestel" və "Korteks" də yer alır.