Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün etdiyi müraciəti dəstəkləyir.
TASS agentliyinin məlumatına görə, bunu avqustun 26-da Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla baş tutan danışıqlardan sonra mətbuat konfransında söyləyib.
S.Lavrov azərbaycanlı həmkarı ilə çoxşaxəli strukturlarda, o cümlədən, ŞƏT-də koordinasiyanın gücləndirilməsini müzakirə etdiyini bildirib.
Rusiyalı nazir qeyd edib ki, rəsmi Bakı bu təşkilatda dialoq tərəfdaşı statusuna malikdir və onu müşahidəçi səviyyəsinə qaldırmaqda maraqlıdır.
“Biz belə bir müraciəti dəstəkləyəcəyik”, - deyə S.Lavrov qeyd edib.
ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyun ayında Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb.
2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub.
Təşkilatın işində dörd müşahidəçi ölkə (Əfqanıstan, Belarus, İran və Monqolustan) və altı dialoq tərəfdaşı (Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka) iştirak edir.