“Azərbaycanın Britaniya ilə münasibətlərinin hamar olmasına baxmayaraq, Tetçer hadisələrə yanlış qiymət verirdi. Heydər Əliyev yenidən izah etdi, hətta iş o yerə çatdı ki, tərcüməçinin birini dəyişmək məcburiyyətində oldu. Yarım saat nəzərdə tutulan görüş saat yarım çəkdi. Söhbətin əvvəlində nələrisə dəf etməyə çalışan “dəmir ledi” danışıqlar prosesinin nəticəsində mum kimi yumşaldı”.
Bunu Oxu.Az-a müsahibəsində keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Politoloq “Heydər Əliyev İli” çərçivəsində Oxu.Az-a müsahibəsində Qarabağla bağlı gizlin məqamlar, eləcə də ümummilli liderlə münasibətləri, vəzifədən ayrılma səbəbləri barədə danışıb. Müsahibəni təqdim edirik:
- 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Politoloq kimi bunun siyasi əhəmiyyətini dəyərləndirəndə hansı nəticələrə gəlirsiniz?
- Heydər Əliyev, həqiqətən də, xalqın ümummilli lideridir. İndi yaşadığımız ölkənin memarıdır. O, Azərbaycan dövləti üçün, xalqı üçün çox böyük işlər görüb. Zənnimcə, Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə həkk olunub. Bu nöqteyi-nəzərdən onun 100 illik yubileyinin keçirilməsi tam qanunauyğun prosesdir. Həm də bu, böyük şəxsiyyətin xatirəsinə, ideya-siyasi irsinə hörmət əlamətidir.
- Heydər Əliyevin böyük şəxsiyyət olduğunu nə zaman qavradınız? Əvvəldən o fikirdə idiniz ki, Heydər Əliyev böyük şəxsiyyətdir, yoxsa müəyyən siyasi proseslərdən sonra sizdə belə qənaət formalaşdı?
- Heydər Əliyevə hörmətim hələ orta məktəbdə oxuyanda başlamışdı. O, hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. Xatırlayıram ki, o, SSRİ Kommunist Partiyası Siyasi Bürosunun üzvlüyünə namizəd seçiləndə şəkillərini mətbuatda dərc etdilər. Bu zaman məndə Heydər Əliyevə hörmət daha da artmağa başladı. Hiss etməyə başladım ki, Azərbaycan tarixinə qüdrətli şəxsiyyət daxil olur. Heydər Əliyev Siyasi Büroya üzv olduqdan sonra açıq-aydın görməyə başladım ki, onun simasında türk dünyası üçün böyük bir dövlət xadimi formalaşır. Heydər Əliyevin yüksək intellektual potensialı, siyasətdə peşəkar keyfiyyətləri hər yerdə özünü büruzə verirdi.
- Ancaq SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda başlayan siyasi proseslərdə və müstəqilliyin ilk illərindəki proseslərdə siz Heydər Əliyevin yanında deyildiniz. Bunun səbəbi nə idi?
- Mən Heydər Əliyevə Azərbaycanın görkəmli bir oğlu kimi münasibət bəsləyirdim. Üstəlik mən Azərbaycan Xalq Cəbhəsinin üzvü idim. Professor idim, kafedra müdiri idim, müəllimlik fəaliyyəti ilə məşğul idim. Heydər Əliyevə olan hüsn-rəğbətim təkcə mənim simamda təzahür etmirdi. Mən xalqın Heydər Əliyevə olan münasibətini görürdüm. Heydər Əliyevə olan sevgi partiyalar, firqələr çərçivəsini aşırdı. Mən heç Heydər Əliyevin yaratdığı yeni Azərbaycan Partiyasında da olmamışam. Amma Heydər Əliyevə olan sevgim həmişə sabit olaraq qalıb.
- Maraqlıdır, siz Heydər Əliyevə əks cəbhələrdə dayanan partiyaların – Azərbaycan Milli İstiqlal Partiyasının, lap sonralar isə Müsavat Partiyasının üzvü olmusunuz. Bir fərd kimi sizin rəğbətiniz başadüşüləndir, bəs təmsil etdiyiniz partiyalarda sizə irad bildirmirdilər?
- Doğru buyurursunuz. Partiya etikası tələb edir ki, sən hansı partiyaya üzvsənsə, onun dəyərlərinə sadiq olasan. Ancaq bir məqamı deyim ki, müstəqilliyin ilk illərində Heydər Əliyev hələ partiya quruculuğuna başlamamışdı. Xalq arasında çox böyük hörməti və nüfuzu olan adam kimi tanınırdı. Mənimlə yanaşı, o zaman təmsil etdiyim AMİP-in içərisində Heydər Əliyevə dərin hörmət bəsləyən başqa şəxslər də var idi. Məncə, bu, bizim partiya fəaliyyətimizə maneə törətmirdi. Mən partiyada olduğum zamanda da onun proqramını canla-başla yerinə yetirmişəm.
- İstərdim ki, “Heydər Əliyev İli”ndə bu zamana qədər demədiklərinizi qeyd edəsiniz: Necə oldu ki, Heydər Əliyev sizi sonralar dövlət müşaviri vəzifəsinə dəvət etdi?
- Heydər Əliyevlə əlaqələrimizin yaranmasında televiziyanın rolu böyük olub. AzTV-də siyasi şərhlər verirdim, verilişlər aparırdım. Həmin verilişlərlə əlaqədar Heydər Əliyevin müsbət fikirlərini mənə Nemət Pənahlı çatdırdı. Nemət Pənahlı bildirdi ki, Heydər Əliyev mənim apardığım verilişlərə baxır və mənimlə görüşmək istəyir. İlk dəfə deyirəm ki, Heydər Əliyevlə Naxçıvanda görüş keçirdim – bu, mənim üçün bir ilk idi. Heydər Əliyev mənim verilişlərimlə əlaqədar çox tərifli sözlər dedi, biz bir neçə saat müzakirələr apardıq.
- Sizin AMİP üzvü ola-ola Heydər Əliyevlə görüşməyiniz necə qarşılandı?
- Etiraf edim ki, Heydər Əliyevlə görüşüm barədə partiya daxilindən iradlar da səslənməyə başladı. Deməzdim ki, ciddi tənqid və iradlar idi. Hər halda partiyaya problem yaratmamışdım. Mənimlə Heydər Əliyev arasında sonralar dəfələrlə telefon əlaqəsi oldu.
- Şəxsən siz Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdinizmi?
- Şərait elə gətirdi ki, Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətə gəlməsi obyektiv zərurət kimi meydana çıxdı.
- Siz neçənci ildə dövlət müşaviri təyin olundunuz?
- 1994-cü ildə.
- Yaxşı, bəs Heydər Əliyev 1993-cü ildə Ali Sovetin sədri, sonra isə prezident seçiləndən dərhal sonra sizi niyə vəzifəyə gətirmədi?
- Açığını deyim ki, o zaman mən vəzifəyə can atmırdım. Ancaq mən vəzifəyə gələndən sonra bəzi adamların yüksək vəzifəyə təyin olunmasında vasitəçi oldum. Məsələn, Elçin Əfəndiyevin baş nazirin müavini təyin edilməsində rol oynadım. Bunu Heydər Əliyevdən şəxsən xahiş etdim. Heydər Əliyev mənə “bəs sənin niyə könlündən o vəzifə keçmir?” deyə sual etdi. Cavabım belə oldu ki, Elçin Əfəndiyev həmin vəzifəyə daha layiqli şəxsdir.
- Vəzifəyə təyin olunandan sonra peşmanlıq keçirdinizmi? “Niyə mən vaxtı ilə Heydər Əliyevə əks cəbhədə olan partiyalarda təmsil olunmuşam?” deyə özünüzə sual etdinizmi?
- Hər hansı əməlimə görə peşmanlıq çəkmirəm. Mən heç zaman Heydər Əliyevə qarşı mənfi fikirdə olmamışam. Onunla bağlı müsbət fikirlərimi də heç zaman gizlətməmişəm.
- Dövlət müşaviri kimi Heydər Əliyevin keçirdiyi danışıqlarda iştirak etmisiniz. Qarabağ münaqişəsi bitdiyindən bəzi danışıqların üzərindən məxfilik qrifinin götürülməsinin zamanı çatdığını düşünürsünüzmü? Düşünürsünüzsə, açıq danışaq, o zaman Qarabağla bağlı ən çox təzyiqlər hansı ölkələrdən gəlirdi?
- Heydər Əliyev şəffaflığı, açıqlığı sevirdi. Onun Qarabağla bağlı bəyan etdiyi siyasi platformanın əsasında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə danışıqlar dayanırdı. Mən vəzifəyə təyin olunmazdan əvvəl Heydər Əliyevin etimadı ilə onun Fransada keçirdiyi danışıqlarda iştirak etmişdim.
Heydər Əliyev danışıqların istiqamətlərini belə müəyyənləşdirmişdi ki, birinci növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilsin. Bütövlükdə Ermənistanın Azərbaycana təcavüzünün siyasi anatomiyasını açırdı. Ermənistanın təcavüzkar dövlət olduğunu dünyaya çatdırmaq prioritet idi. Dünyada bu münaqişə ilə bağlı yaranan informasiya çatışmazlıqlarını doldurmağı qarşıya məqsəd qoymuşdu.
Sonra Rusiyaya, Böyük Britaniyaya, Almaniyaya, ABŞ-yə də səfərlərimiz olmuşdu. Heydər Əliyevin problemi çatdırmaq, izah etmək bacarığının, yeri gələndə müsahibinin köntöy suallarını məharətlə cavablandıra bildiyinin dəfələrlə şahidi olmuşam.
Ümumiyyətlə, dünyada Qarabağla bağlı münasibət qərəzli və ədalətsiz idi. Heç kim Ermənistanın təcavüzünü qəbul etmirdi, Qarabağdakı separatçı hərəkatı qiyam kimi qəbul etmirdi. Bu, xalqların öz müqəddəratını təyin etmək hüququ kimi təqdim olunurdu. Heydər Əliyev keçirdikləri görüşlərdə xəritənin üzərində baş vermiş hadisələrin tarixi aspektlərini, səbəblərini və nəticələrini çatdırırdı. Belə təsəvvür var ki, həmin dövlətlər hər şeyi düzgün bilir, lakin müəyyən stereotiplərin əsiridirlər. Məsələ heç də belə deyil. Onların bəziləri məlumatsız idi. Heydər Əliyevin təqdimatında hadisələrə daha geniş rakursdan işıq salınırdı.
Mən Heydər Əliyevin Böyük Britaniyanın ozamankı baş naziri Marqaret Tetçerlə koloritli və məzmunlu görüşünü xatırlayıram. O görüşdə Heydər Əliyev “dəmir ledi” Marqaret Tetçerin stereotiplərini qırmağa nail oldu.
- Tetçer nə deyirdi?
- Heydər Əliyevin Marqaret Tetçerlə görüşünün ilk dəqiqələri çox gərgin başladı. Xanım Tetçer Heydər Əliyevi dinlədikdən sonra dedi ki, Qarabağda baş verənlər milli azadlıq mübarizəsidir. Azərbaycanın Britaniya ilə münasibətlərinin hamar olmasına baxmayaraq, Tetçer hadisələrə yanlış qiymət verirdi. Heydər Əliyev yenidən izah etdi, hətta iş o yerə çatdı ki, tərcüməçinin birini dəyişmək məcburiyyətində oldu.
Heydər Əliyev tərcümənin keyfiyyətli aparılmadığını hiss edərək ehtiyatda olan digər tərcüməçini çağırdı. Rəhmətlik Vəfa Quluzadə də tərcümə prosesinə yardım edirdi. Görüş üçün 30 dəqiqə vaxt ayrılmışdı.
Heydər Əliyev isə qeyd etdi ki, yarım saat kifayət deyil, Tetçer buna yüngül formada etiraz etsə də, görüş bir saat yarım çəkdi. Görüşün əvvəlində nələrisə dəf etməyə çalışan Tetçer danışıqlar prosesinin nəticəsində mum kimi yumşaldı. Danışıqlar prosesində Tetçer Heydər Əliyevin arqumentləri ilə razılaşdığını göstərməyə məcbur oldu.
- ABŞ-yə səfərdə də iştirak etdiyinizi dediniz. Orada hansı maraqlı hadisələr oldu?
- Nyu-Yorkda Heydər Əliyevlə ABŞ-nin ovaxtkı dövlət katibi Madlen Olbrayt arasındakı görüş maraqlı idi. Olbrayt da stereotiplərə sahib idi. O, Heydər Əliyevlə söhbətdən zövq aldı və hamının ürəyincə olan bir təklif verdi.
Biz o zaman BMT Baş Assambleyasının sessiyasında iştirak edirdik. Olbrayt təklif etdi ki, sessiyada iştirak edən Ermənistanın prezidenti Levon Ter-Petrosyanla görüş keçirilsin. Heydər Əliyev dedi ki, bu görüşün nə mənası olacaq? Olbrayt cavab olaraq bildirdi ki, onun iştirakı ilə tərəflər arasında polemikanın tərəfdarıdır. Həm də qeyd etdi ki, Heydər Əliyevlə Ter-Petrosyanı öz şəxsi mənzilində qəbul edəcək.
Heydər Əliyev razılaşdı. Amma sən demə, Olbrayt bundan əvvəl Petrosyanın da razılığını alıbmış.
Görüş Olbraytın Nyu-Yorkdakı mənzilində baş tutdu. Bəlkə də, onun evi deyildi. Ola bilsin ki, həmin mənzil Dövlət Departamentinin icarəyə götürdüyü mənzil idi. Hər halda, görüş baş tutdu.
Onlar görüşərkən biz bayırda gözləyirdik. Vəfa Quluzadə, mən, Həsən Həsənov, Ermənistan nümayəndə heyətinin müxtəlif üzvləri ilə söhbət aparırdıq. Açığını deyim ki, bayırdakı söhbətlər də əhəmiyyətli sayıla bilərdi. Petrosyanın müşaviri Jirayr Libaridyanla müzakirələr apardıq. O, rəhmətlik Vəfa müəllimlə yaxşı münasibətlərə malik idi. Ancaq bizim diskussiyalar zamanı erməni təxribatı yenə işə düşdü. Petrosyanın mühafizə xidmətinin rəisi Qarabağ müharibəsinin iştirakçısı idi.
O, Ermənistanın milli qəhrəmanı idi. Adını xatırlamıram. Orta boylu biri idi. Həddindən artıq millətçi və kobud biri idi. O dedi: “Qan töküb torpaqları almışıq, bacarırsınızsa, qan töküb həmin torpaqları geri alın”. Azərbaycan nümayəndə heyəti ona layiqli cavablar verdi.
Nəhayət Ter-Petrosyanla nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş oldu. Danışıqlarda Heydər Əliyevin üstünlükləri daha aydın görünürdü. O, kompromisə hazır idi – bu, yeni bir məlumat da deyil.
- Bəs Rusiya prezidenti Boris Yeltsinlə danışıqlar?
- Heydər Əliyev yaxşı bilirdi ki, Qarabağ probleminin mərkəzində dayanan Rusiyadır. Biz MDB dövlət başçılarının zirvə görüşünə qatılmışdıq. Heydər Əliyev qərara aldı ki, Yeltsinlə görüşsün. Yeltsin müxtəlif bəhanələrlə görüşün baş tutmamasına çalışırdı. Sonda o razı oldu. Mən Yeltsinlə görüşdən çox ağır fikirlərlə qayıtdım.
Biz içəri daxil olanda çox donuq üzlü bir insanla rastlaşdıq. Yeltsin heç bizə “əyləşin” demədi. Amma Heydər Əliyev stulu çəkib oturdu və bizə də “əyləşin” dedi. Yeltsin hiss olunurdu ki, görüşdən əvvəl yaxşıca alkoqollu içki qəbul edib.
Biz Yeltsinlə görüşənə qədər Rusiya Ermənistana bir milyard dollarlıq silah-sursat vermişdi. Heydər Əliyev bunları xatırlatdı və bildirdi ki, Ermənistanın silahlanması regionda tarazlığı pozur. Heydər Əliyev Yeltsinə dedi: “Biz gözləyirik ki, siz bir gün əlinizi stola vurub, ədalətin bərpa olunmasında ədalətli münsif olacaqsınız”. Yeltsin isə dedi ki, əlini stolun üstünə vuracaq. Biz Bakıya qayıtdıqdan sonra isə Azərbaycan Yeltsinin göstərişi ilə taxıl blokadasına alındı. Azərbaycan iki aydan sonra blokadanı aradan qaldırmağa nail oldu. Biz Yeltsindən ədalətli mövqe gözlədiyimiz halda o, bizə qarşı qərar çıxarmışdı.
- Siz dövlət müşaviri kimi vəzifədə çox qalmadınız. Sizin işdən azad edilməyiniz barədə müxtəlif söhbətlər eşidirik, öz dilinizdən istərdim ki, aydınlıq gətirəsiniz. Heydər Əliyev nə baş verdi ki, sizi vəzifədən azad etdi?
- Açığını deyim ki, mən vəzifəyə təyin olunarkən oraya böyük arzularla getmişdim. Elə bilirdim ki, ürəyimdə olan bütün istəkləri reallaşdıra biləcəyəm. Mən müəllim, professoram, amma özümü təcrübəli siyasətçi kimi hiss etmirdim. Bir çox məsələlərdə o qədər də səriştəli hərəkətlər etmirdim. Polemikalarda, iclaslarda müəyyən fikirləri ehtiyatsız şəkildə ifadə edirdim. Təxminən bir ildən sonra vəzifəmlə bağlı məndə pəjmürdəlik əmələ gəldi. Hətta Heydər Əliyevə dedim ki, mən üzərimə düşən işləri yerinə yetirə bilmirəm. Ancaq o mənə işimdə qalmağı, təcrübə toplamağı tapşırdı. Hesab edirəm ki, müəllimin praktiki siyasətçiyə çevrilməsi çox çətin məsələdir.
Mən də xeyli naşı idim. Nəhayət günlərin birində, Heydər Əliyev özü də mənim işimdən narazılıq etməyə başladı. Dedi ki, təbliğat-təşviqat işlərini yaxşı qura bilmirəm. Heydər Əliyevin hadisələrə baxış bucağı ilə özümünkü arasında fərqləri görürdüm.
Daha çox foto burada: PhotoStock.az
Aqşin Kərimov