23 
Avq
2023
18:24
111
17
1706
Virtual karabakh

“Kanadalı nazirin bəyanatı qərəzlidir, fikirlər heç bir fakta əsaslanmır” - RƏY + FOTO

23 Avq, 2023
18:24
1706

“Kanadalı nazirin bəyanatı qərəzlidir, fikirlər heç bir fakta əsaslanmır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kanadanın xarici işlər nazirinin bəyanatı qərəzli, heç bir fakta əsaslanmayan fikirdir. Təbii ki, bu, Kanadanın XİN başçısı Melani Joli tərəfindən ilk bu cür qərəzli bəyanat deyil”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov deyib.

Deputat xatırladıb ki, Laçın yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlaması ilə əlaqədar da Kanada qərəzli, eləcə də heç bir fakta əsaslanmayan bəyanat yaymışdı və Azərbaycan Xarici İşlər Nazirliyi də müvafiq cavab vermişdi:

“Bəyanatda maraqlı bir məqam odur ki, Kanadanın xarici işlər naziri bu ölkənin regionda çox mühüm diplomatik rol oynamasının vacibliyini vurğulayıb. Lakin bildirim ki, Kanada diplomatik rol oynaması üçün gərək bu etimadı qazansın. Bu günə qədər Kanada regionda hər hansı bir nüfuzu, iştirakı, pozitiv fəaliyyəti ilə yadda qalmayıb. Sadəcə yersiz və heç bir fakta əsaslanmayan bəyanatlarla yadda qalıb. Hesab edirəm ki, burada Kanada tərəfinin hər hansı bir diplomatik rol oynaması mümkünsüzdür”.

İşçi qrupunun üzvü vurğulayıb ki, Kanadanın xarici işlər naziri Qarabağdakı erməniəsilli şəxslərin bu gün real təhlükə ilə üz-üzə olduğunu iddia edib:

“Yəqin o, ermənilərin Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsindən sərbəst və maneəsiz keçmələri ilə bağlı videoları heç izləməyib. Ümumilikdə Kanadanın hər hansı diplomatik rol oynaması, fəaliyyət göstərməsi üçün gərək əvvəlcə bu ölkə regionda vəziyyəti düzgün dəyərləndirsin. Yalnız bundan sonra rəsmi şəxslər bəyanatlar verə bilər. Yəqin yaxın zamanlarda Azərbaycanın Xarici İşlər Nazirliyi də bununla bağlı müvafiq cavab bəyanatı verəcək”.

K.Bayramov əlavə edib ki, bu cür bəyanatların XİN rəhbərinin öz beyninin məhsulu olduğuna inanmır:

“Güman ki, bu, erməni lobbisinin müvafiq cəhdi, regiondakı mövcud vəziyyətə təsiridir. Qətiyyətlə deyə bilərik ki, istənilən bu cür üçüncü ölkənin hansısa təxribatı Azərbaycanın xarici siyasətinə, Qarabağda apardığı tədbirlərə təsir göstərə bilməz”.

“Kanadanın xarici işlər nazirinə izah etmək lazımdır ki, Qarabağda sülhün və təhlükəsizliyin təmin olunması, eyni zamanda orada yaşayan erməniəsilli şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi yalnız onların Azərbaycan cəmiyyətinə reinteqarsiyasından keçir”, - parlament üzvü bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri