Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO
Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.
Oxu.Az xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
15:22
Bu gün Bakıdan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.
“Report” xəbər verir ki, doğma yurduna qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür.
Bununla ümumilikdə Laçın şəhərinə 472 ailə (1773 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə çatıb (215 ailə).
06:24
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndinə isə 215 ailənin, yəni 819 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox foto burada: PhotoStock.Az
Aytac Qasımova