Oxu.Az aparıcı və aktrisa Tunay Əliyevanın müsahibəsini təqdim edir:
-Tunay xanım, sizinlə daha rahat söhbət etmək istəyirəm. Ona görə bilmək istəyirəm, hansısa kompleksiniz yoxdur ki?
-Kompleksim yoxdur, amma tərbiyəm yüksək səviyyədədir.

-Axır vaxtlar sizin sözlərinizi düzgün başa düşmürlər, bəzi qalmaqallar yaranır. Bunu sizin sosial şəbəkələrdə paylaşdığınız yazılardan da bilmək olur…
-Mənim hansısa fikrimi kimsə düzgün anlamırsa, bu onların problemidir, sevindirici hal odur ki, mənim fikirlərimi tərbiyəli və mədəni adamlar anlayırlar. Beyni aydın olmayan, dar düşüncəyə malik, şəxsiyətsiz adamlar fikirlərimi başa düşmürlərsə və hörmətsizlik edirlərsə, bu məni qətiyyən üzmür, nə də narahat etmir.
-İlk baxışdan sizi izlədikdə, insanda elə təəssürat yaranır ki, ancaq özünüz üçün yaşayan insansınız. Belədir, yoxsa əslində, başqa cürsünüz?
-Mən bilmirəm, bu qənaətə hansı insanlar gəlib. Özü üçün yaşayan dar düşüncəli, adi, mənəviyyatsız, rəhimsiz insana oxşayıram bəyəm?

-Xətrinizə dəymək istəmirəm. Sadəcə, aparıcılardan yaxud məşhur insanlardan söz düşəndə ətrafımdakı insanlar nədənsə, həmişə sizin haqqınızda bu sözləri deyirlər. Ola bilər ki, çox sərbəst insansınız, amma kənardan özündən razı biri kimi təsir bağışlayırsınız?
-Özümdən razı olmağım üçün bu dünyada ən azı 500 il yaşamağım gərəkir. Sokrat deyibsə, mən heç nə bilmirəm, hansı ki, onun fəlsəfi fikirlərinə yüzlərlə kitablar yazılıb. O zaman mən necə özümdən razı ola bilərəm? Sadəcə, mənim azad düşüncəm və cəsarətli xarakterim var. Bilmirəm, bu sizin yanınızda olan məhşurları niyə qıcıqlandırır? Yəqin paxıllıq edirlər ki, bəs bizdə niyə bu xüsusiyyətlər yoxdur?

-Hansı məhşurlardan özünüzə qarşı bu cür qısqanclıq hiss etmisiniz?
-İş orasındadır ki, mənim ətrafımdakı dostlarım qətiyyən məşhurlar deyil. Mən insanların mənəviyyatına, zehninə, düşüncəsinə görə dəyər verirəm. Şöhətpərəst deyiləm. Məsələn, izləyirəm və görürəm ki, özlərinə ad günü edirlər, yüzlərlə məşhuru çağırırlar, guya bunların dostlarıdr. Bu, sadəcə göstəridi, mənim bu insanlara yazığım gəlir. Çünki həyatlarını göstəri üzərində qururlar. Mən isə belə deyiləm, mən həssas, özümə hörmət edən adamam. Mənim dost dediyim mütləq mənim sevdiyim və məni sevən olmalıdır. O səbəbdən dostlarımın çox hissəsini məhşur olmayan insanlar təşkil edir. O ki, qaldı qısqanclığa, yəqin ki, var.

- Bir sual var, bilirəm ki, onu sizdən tez-tez soruşurlar, hətta bu baradə bir dəfə sosial şəbəkədə özünüz də yazmışdınız ki: “Saat 03:41-də mənə bir sual yaziblar...Tunay xanım, dinlərə və Allaha inanırsınız? “ Bu sual nədən qaynaqlanır?
-Bəli, xatırlayıram bu sualı. Yəqin həmin sualı verən adam məni tanımır. Çünki məni tanıyanlar bilirlər ki, mən dinlərə inanmıram. Mən vicdana inanıram!

-Allaha da inanmırsınız?
-Allah- islamdan öncə ərəblərin çoxtanrılı bir dövründə Ay allahının adı olub. İslamdan sonra bütün tanrıları aradan qaldırıb, bir bu tanrını saxlayıblar. Əlbəttə, mən buna da inanmıram. Yenə deyirəm, mən vicdana inanıram!
Bu millətin Mirzə Cəlili var, Mirzə Ələkbər Sabiri var, mən onlara inanıram.
-Aparıcı, yoxsa aktrisa? Hansında özünüzü rahat hiss edirsiniz?
-Heç bir təhsil ocaqlarımızda aparıcı fakültəsi yoxdur. Jurnalistika və aktyorluq fakültəsi var. Aparıcı sənətinə illərin təcrübəsindən sonra nail olmaq olar. Mənim isə sənətim aktrisadır, aparıcılıq istedadım olduğundan hansı layihəyə imza atmışamsa, hamısında yüksək reytinq qazandığım üçün bu işlə də məşğulam.

-Hansı filmdə, hansı obrazda oynamaq istəyərdiniz?
-Məncə, bunu rejissorlar məndən yaxşı bilirlər. Bu sualı onlara ünvanlayın. Bir neçə vaxt da gözləyəcəm, əgər mənə dəyər verilməzsə, xarici ölkəyə köçməyi düşünürəm, çünki mənim kimi istedadlı birinə dəyər vermirlərsə, filimlərə çəkmirlərsə, televiziyalarda layihə vermirlərsə, məni burada heç nə saxlaya bilməz. Televiziyalara baxıram harada kar, kor, pəltək varsa, veriliş aparır, seriallara baxıram harada küçədə qalmış varsa, onu seriala çəkirlər, hansı ki, aktyorluğa qətiyyən aidiyyatı yoxdur. Televiziya rəhbərləri niyə belə edirlər, başa düşmürəm. Bu qədər istedadlı gənclərimiz var, hamısı işsiz oturub bu kar-korları izləmək və əsəb keçirmək məcburiyyətində qalırlar. Televiziya rəhbərləri isə öz keflərində, bu milləti ələ salmaqda davam edirlər. Millətin zövqünü niyə korlayırlar, bunu da anlamıram.
Yaxşı aparıcılarımız da var efirdə, amma çox az, istedadlı aktyorlarımız isə seriallara dəvət olunmur.

-Hara köcməyi planlaşdırırsınız?
-Amerikaya.
-Reytinq, imic, efir xatirinə nə etmisiniz, ya da edə bilərsiniz?
-Bu ölkədə məndən gözəl və istedadlı aparıcı, aktrisa var? Sözüm ondadır ki, mənim istedadım var, o səbəbdən mən reytinq, efir xatirinə nəsə etmirəm. Ölkənin məndən gözəl və məndən istedadlı aktrisası yoxdur. Buna əmin olmaq istəyən filmlərimi izləsin!

Aytən Sadıqzadə
www.oxu.az