Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Araz: Fransız xanımla evli idim, ona görə heç bir qızla tanış olmurdum - VİDEO
Fransanın “Səs” şousunda iştirak edən müğənni Araz Hümbətlinin Oxu.Az-a müsahibəsi:
- Araz, sizi yaxından tanıyaq. Özünüz haqda qısa məlumat verin.
- Konkret insan, yəni mən - Araz Hümbətli haqda danışırıqsa, bu, hər şeydən əvvəl oğul, qardaşdır. Arazdan musiqiçi kimi danışırıqsa, o, bəstəkar, müğənni, təcrübəçidir.
- Sosial şəbəkələrdə soyadınız Taman yazılıb. Bu, nə mənaya gəlir?
- Bu necə başladı, bilmirəm. Amma əslində, səhv anlaşılmadan başqa bir şey deyil. Məsələ burasındadır ki, “Youtube”a Fransanın “Səs” yarışmasında ifa etdiyim videonu qoyan şəxs niyə görəsə ad-soyadımı Araz Taman yazmışdı. Görünür, adımın Araz olması, sonuna da Taman artıranda “rastaman” kimi səslənməsi o şəxsə maraqlı gəlib. Amma mənim “rastaman” adlı submədəniyyətlə əlaqəm yoxdur. Bunu “Youtube”da gördüm. Mən şəxsən özümü belə adlandırmıram, heç kim də məni belə çağırmır.
- Azərbaycanda nə qədər məşhursunuz?
- Əslində, bilmirəm ki, məşhurluq nə ilə ölçülür. Küçədə gedirəm, insanlar yaxınlaşıb mənimlə foto çəkdirirlər. Hərdən əhvalım pis olanda, şəhərdə gəzəndə, metroda gedəndə insanlar yaxınlaşırlar, məni qucaqlayır, xoş sözlər deyirlər. Məni tanıyırlar, bu, çox xoşdur. Şadam ki, insanlara müsbət emosiyalar bəxş edirəm.
- Özünüzü “epataj” sənətçi hesab edirsiniz?
- Bu barədə düşünmürəm. Uşaqlıqdan beləyəm. Uşaq yaşlarımdan uzun, buruq saçları, rəngli geyimi sevirəm. Mənim üçün bu normaldır. İstərdim ki, özünü geyimləri ilə ifadə etməkdən çəkinməyən insanlar daha çox olsun. Geyim özünüifadədir. Məsələn, bu gün əhvalım yaxşı olduğu üçün ağ rəng geyinmişəm.
- Gənc ifaçılarımız və musiqiçilərimiz tez-tez Rusiyanın və Türkiyənin “Səs” yarışmalarında iştirak edirlər. Amma siz Fransanın “Səs”ini seçdiniz. Maraqlıdır ki, daha yaxınları qoyub, niyə uzağa getmisiniz?
- Mən fransız şousunda iştirak etməyi, konkret olaraq Fransaya getməyi seçmədim. Fransaya səfərimdə dostum mənə zəng edib, o layihədə iştirak etməyimi təklif etdi
“Bu, sən və musiqi karyeran üçün yaxşı şans ola bilər” dedi. Yaşadığım evin yanında “Fransanın səsi” posteri asılmışdı. Onda düşündüm ki, yoxlamaq olar, üstəlik kastinq yaşadığım yerdən bir neçə mil uzaqda idi. Getdim, ardını da bilirsiniz. Gözəl xalq mahnımız “Ay Laçın”ı ifa etdim. Bu mahnı mənim üçün böyük əhəmiyyət kəsb edir. Ən əsası, mahnı mənim adımla başlayır.
- Layihədə iştirak sizə nə qazandırdı?
- “Səs” mənə həyatımda yeni insanlar, yeni hisslər, yeni təcrübə qazandırdı, özümü səhnədə və musiqidə başqa cür görməyimə səbəb oldu. Mənə Avropada məşhurluq verdi. Fransada tanındım. Küçədə gedəndə yanımdan avtomobillə keçən insanlar da gəlib mənimlə şəkil çəkdirirdilər.
Ən maraqlısı da budur ki, yarışmadan sonra Azərbaycanda əvvəlki həyat tərzimi yaşamağa davam edirəm. Bu, bir çox insanı şoka salır. Sizə açıq deyəcəyəm, Fransanın “Səs” yarışmasını öz janrım ilə keçməyim möcüzə idi. Etno-psixodeliko musiqi bəstələyirəm. Bu janr heç kimə məlum deyil. Mən ona öz rəngimi gətirdim. Belə musiqi ilə çox uzağa getməzdim. Prinsiplərim var, məsələn, musiqidə ürəyimin səsinə qulaq asıram.
Məşhurluğumdan istifadə edib başqa üsluba keçə bilərdim, məşhur musiqiyə yaxınlaşa bilərdim, amma bunu etmək istəmirəm, içimdən başqa musiqi gəlir. Niyə içimdəki dünya tam fərqli olduğu halda çöldəki dünyaya uyğunlaşmalıyam?
- Necə düşünürsünüz, finala niyə keçmədiniz?
- Şouda çıxışım yekunlaşandan sonra yarışın prodüseri ilə danışıb ona bu sualı verdim. O cavab verdi ki, Azərbaycandan gəlib adı Araz Hümbətli olan şəxs nə oxumasından asılı olmayaraq çətin ki, Fransadakı layihənin qalibi olaydı...
- Çıxışınızdan sonra sizi yerli şou-biznesdən kimsə dəstəklədi?
- Əməkdar artist Miri Yusiflə görüşdüm. Mənə yaxşı məsləhətlər verdi, dəstəklədi. Dedi ki, Azərbaycan şou-biznesində irəliləmək istəyirəmsə, Azərbaycan dilində olan mahnılara daha çox diqqət ayırmalıyam.
- Şou-biznes nümayəndələrimizin çoxu piar üçün açıq-saçıq və qalmaqallı fotosessiyalar etdirir, həmkarları ilə davalara imza atırlar. Buna münasibətiniz necədir?
- Bu, onların öz seçimi, haqqı, öz işləridir. Bu barədə düşünmürəm, çünki özümü ilk növbədə musiqiçi sayıram. Musiqiçi bütün vaxtını, düşüncələrini musiqi yazmaq və yaratmağa həsr etməlidir. Açıq-saçıq fotosessiyalar etməzdim. Azərbaycan dilində qəşəng ifadə var: Mənə yaraşmaz.
Fotosessiyalarımın çoxu psixodelik olsa da, həm də konseptualdır. Açıq fotosessiya təkcə bədənini göstərmək deyil, o, obyektivə olan bir baxışla da ifadə oluna bilər. Amma bu baxış insanların şüurundakından fərqli olacaq.
Valideynlərim var, istəməzdim ki, atam bu cür fotosessiya etdiyimi görsün. Hansısa qıcıqlandırıcı fotosessiya etməzdim. Bağda, dəniz kənarında soyuna bilərəm, amma kameralar qarşısında poza vermək mənə yaraşmaz. Ağını çıxarıblar.
- Niyə cəmiyyətimiz intim mövzulara pis reaksiya verir? Avropada belə deyil?
- Avropada yaşamışam, orada hər şey açıq olub. Hər şeyin nə çox konservativ olmasını, nə də açıq olmasını bəyənirəm. Əxlaq davranış mədəniyyəti olmalıdır. Bu, çox vacibdir. Avtobusa minib orada cütlüyün öpüşdüyünü görmək istəmərəm. Vulqarlığa nifrət edirəm. Etiket və tərbiyə varsa, düşünürəm, problem olmayacaq. Avropada heç kimlə münasibət məqsədi ilə tanış olmamışam (gülür). Amma çox sayda insan tanımışam. Deyə bilərəm ki, Avropada hər şey söhbət etmək üçün doğrudan da çox açıqdır.
Fransada yaşayanda evli idim. Bu da heç kimlə - yəni hansısa qız ilə - tanış olmamağımın daha bir səbəbidir. Həyat yoldaşım fransız idi. Həyata olan fərqli baxışlarımıza görə ayrıldıq. Bəlkə də ayrılığa gənc olmağım təsir göstərdi. İndi də çox gəncəm, amma o vaxt 23 yaşım vardı, onun isə 27. O, gözəl insan, gözəl xanımdır. Onunla Azərbaycanda evlənmişdik. O vaxtacan Bakıda işləyirdi. Uşağımız yoxdur.
- Bakıda nə işlə məşğul olurdu?
- Bunlar çox şəxsi suallardır (gülür). Həyat davam edir.
- Onunla münasibətinizi bərpa etmək istəyirsiniz?
- Əlbəttə, yenə onunla danışmaq istəyərdim.
- Dost kimi ayrıldınız, yoxsa düşmən kimi?
- Deməzdim ki, dostuq. Amma düşmən də deyilik. Sadəcə ayrıldıq və hərə öz yoluna getdi. Bu, təcrübə idi. Ayrılığımızdan 3 il keçib, çox şey dəyişib.
- Necə qızlar Arazın xoşuna gəlir?
- Şüuru materiallıqla dolu olmayanlar.
- İndi çox qızlar pula görə tanış olub münasibət qurur, evlənir...
- Təkcə pula görə yox, sabahkı günə əmin olmaq üçün. Bu, vacibdir. Təkcə pula görə ərə gedən qızlar da var. Bu, onların seçimidir. Şəxsən mən heç bir insana kasıb, ya da varlı kimi baxmıram. Onun sərvəti nə qədərdir, mənə maraqlı deyil. Bu, düşündüyüm ən son şeydir. (gülür). Vacib olan onun başında nə olması, özünü necə tanımasıdır. Həqiqidir mi, hiss edə bilir mi? Mənim üçün vacib olan budur. Qız varlı ailədən deyilsə, qorxulu bir şey yoxdur, onun nə pulu, nə də var-dövləti mənə lazımdır. Mənə onun sevgisi, hissləri lazımdır. Bu, insanı zəngin edir.
- Araz, toylara dəvət alırsınız?
- Hətta Fransadakı toylarda da ifa etmişəm. Tanışlarımın məclislərində. Azərbaycan mahnıları oxumuşam və bunu qazanc üçün etməmişəm, məclisi bəzəmək üçün etmişəm. Necə hansısa tanışıma yaxınlaşıb, oxumağıma görə pul verməsini tələb edə bilərəm? Yox, bacarmaram, etmərəm.
- Bu məsələ Bakıda fərqlidir?
- Məsələ burasındadır ki, Bakıda da mən dostlarımdan və tanışlarımdan pul götürmürəm. Olub ki, mənə zəng edib ifamı bəyəndiklərini, amma büdcələrinin zəif olduğunu deyiblər, havayı oxumağımı xahiş ediblər. O insanları tanımasam da, razılaşmışam. Qonorarımın nə qədər olduğunu deməyəcəyəm (gülür). Qiymət dəyişir. Repertuar müxtəlif ola bilər.
- Yerli şou-biznesə qatılmaq istəyirsinizmi?
- Öncə onu deyim ki, şou-biznesə düşməyə çalışmıram. Orada mənim çox uzaq olduğum hadisələr baş verir. Qalmaqallarda iştirak etmək istəməzdim. Solo konsertlər vermək istərdim, elə bunu da edirəm. Sərhəddən kənarda çoxlu konsertlər vermək istərdim, amma bu, çox çətindir. Hər şeyi özüm etdiyim üçün lap çətindir. Özüm mahnılar yazıram, bütün musiqi alətlərində ifa edirəm, studiyanı idarə edirəm, musiqimi ictimaiyyətə təqdim edirəm, tədbirlərimi təşkil edirəm. Nə sponsorum, nə də prodüserim var. Hansısa sponsor mənim yaradıcılığımla maraqlansa, məsələn, Avropaya olan qastrollarıma sponsorluq etmək istəsə, bundan imtina etmərəm.
- Necə oldu ki, məktəbdə müəllim kimi işə başladınız?
- Yaxın dostum zəng edib dedi ki, 8 nömrəli Qara Qarayev adına musiqi məktəbində tanışı Fidan xanım estrada musiqi şöbəsini açır. Gedib Fidan xanımla tanış oldum. Uşaqlardan ötrü ürəyim gedir. Uşaqlar xoşbəxtliyimdir. Həmin gündən orada dərs deməyə başladım. Gitara, vokal dərsləri, estrada bacarıqları dərsi verirəm. Çox xoş emosiyalar alıram. Bu, mənim üçün çox vacibdir. Bunu heç bir pulla almaq mümkün deyil.
- Paytaxt məktəblərindən birində 14 yaşlı qız intihar etdi. Bu haqda bir müəllim kimi nə düşünürsünüz?
- Bu barədə bu gün də bir neçə dəfə düşünmüşəm, daha düşünmək istəmirəm, çünki bu, mənə ağrı və narahatlıq yaşadır. O, lap balaca idi. Uşaqların həyatını itirməsi çox ağırdır. Bilmirəm, sizə nə cavab verim. Təsəvvür edə bilmirəm ki, onun valideynləri indiyə kimi necə əzab çəkir.
İşlədiyim məktəblərdə oğlanların qızlarla və digər oğlanlarla münaqişə etməsi vəziyyəti ilə rastlaşmışam. Buna aqressiyasız son qoymağa çalışıram. Məqsədim uşaqların aqressiyasını sevgi, incəlik və yaxşılıqla məhv etməkdir. Amma həm də çox ciddi ola bilirəm, bu da bəhrəsini verir - uşaqlar dinləməyə başlayır.
Özüm uşaq olanda hiperaktiv idim. Dəcəl sayılan uşaqlardan idim. Ətrafımdakı hər şeyi sındırırdım. İndi də bunu böyük zövqlə edərdim. Amma təəssüf ki, artıq böyümüşəm. İçimdə heç bitməyən enerji var. Valideynlərim isə mənə münasibətlərində ciddi olublar, mən də daha təmkinli olmuşam. Məktəbdə siniflərimi, partalarımı yandırırdım. Ürəyimdən tikan çıxırdı. Təəssüf ki, bu, yanımda olan hamıya mane olurdu (gülür).
Səkkiz yaşım olanda, atam “The Beatles” qrupunun mahnılarından ibarət kaset gətirdi. Bu, hər şeyi dəyişdi. Həyatımda ilk dəfə “Bee Gees”i eşidəndə isə həyatım tamamilə dəyişdi. Dünyanı başqa rənglərdə, tonlarda görməyə başladım. Yaxşılıq və sevgi qəlbimə gəldi. Bundan sonra heç kimə diskomfort və ağrı yaşatmaq istəmədim. Düzünü desəm, hələ də sakitləşməmişəm. Həmişə səs-küylüyəm. Bu vəziyyəti isə yaradıcı işlə - musiqi, sevgi ilə ötürmək istəyirəm. Musiqi həyatımdakı çox şeyi dəyişdi.
Rəşad Əliyev
Rəylər